Yanukoviç müxalifətlə dialoqa razılıq verdi

9 Dekabr 2013 15:29 (UTC+04:00)
Ukrayna prezidenti Viktor Yanukoviç sabiq prezident Leonid Kravçukun ölkədə yaranmış siyasi böhrandan çıxış yolu axtarmaq üçün dəyirmi masa keçirilməsi barədə təklifini qəbul edib.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

L. Kravçuk V. Yanukoviçə müraciət edərək ümummilli dəyirmi masa təşkil edilməsini və ora həm hakimiyyət, həm də müxalifət nümayəndələrinin dəvət olunmasını təklif edib. V. Yanukoviç bu ideyanı dəstəkləyib. O, hesab edir ki, belə bir dəyirmi masa tərəflərin bir-birini anlamasına şərait yarada bilər.

Qeyd edək ki, sabah sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenkonun Viktor Yanukoviçlə görüşü keçiriləcək. Görüşdə ölkədə yaranmış vəziyyət müzakirə olunacaq. (apa)