“21 Azər” hərəkatı anıldı – Tədbir

9 Dekabr 2013 15:58 (UTC+04:00)

"21 Azər" hərəkatının ildönümünə həsr olunan "Tariximizin 21 Azəri" adlı dəyirmi masa keçirilib.

AzNews.az-ın məlumatına görə, Ümid Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə "21 Azər" hərəkatını əks etdirən qısametrajlı sənədli film nümayiş edilib.

Tədbirdə Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, VHP sədri Sabir Rüstəmxanlı, VİP sədri Əli Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, yazıçı Həmid Herisçi çıxış edib.

Hərəkatın Azərbaycan tarixində önəmli rol oynadığını deyən çıxış edənlər bildiriblər ki, fars millətçiliyi üzərində qurulan Pəhləvi hakimiyyəti əsarətində saxlanılan və təzyiqə məruz qalan Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizəyə qalxdı.

Siyasi xadim Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycanın demokratik düşüncəli fədailəri 1945-ci ilin yayında Azərbaycan Demokrat Partiyasını yaratdılar. Dekabrın 12-də isə Cənubi Azərbaycan Demokratik Respublikası elan olundu.

Natiqlər respublikanın irtica Pəhləvi-İran ordu qüvvələri tərəfindən qəddarlıqla süquta uğradıldığını da qeyd ediblər.

AzNews.az