Zaqatala hadisələrinə görə daha bir nəfər saxlanıldı

9 Dekabr 2013 16:51 (UTC+04:00)
Noyabrın 24-də Zaqatala rayonunda 3 nəfərin qətlə yetirilməsi və 1 nəfərin xəsarət alması faktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

AzNews.az-a Respublika Prokurorluğundan verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən hadisənin digər iştirakçısı Bədəlov Raqib Rasim oğlu dekabrın 9-da saxlanılıb.

Qeyd edək ki, başlanmış cinayət işi üzrə Daxili İşlər və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində iş üzrə odlu silah və döyüş sürsatları, külli miqdarda narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülmüş, çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Qeyd edilən cinayətləri törətmələrində əsaslı şübhələr olduğundan Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Royal Saramanov, Pərviz Qarayev, Vüsal Əliqayev, Aydın Sayılov və Ömər Orucova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 120.2.2, 120.2.7, 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilməklə cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az