Linas Linkyaviçyus: “Aİ və Azərbaycanın bir-birinə yaxınlaşmasını görmək çox sevindiricidir“

9 Dekabr 2013 17:57 (UTC+04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələr öz nəticəsini verir. Trend-in məlumatına görə, bunu Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasında çıxış edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib.
Onun sözlərinə görə, Aİ və Azərbaycanın bir-birinə yaxınlaşmasını görmək çox sevindiricidir.
Nazir deyib ki, Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üzrə mühüm addımlar atılıb: "Bunlar arasında "Cənub Qaz Dəhlizi", "Şahdəniz" layihəsi və digər mühüm infrastruktur layihələrini vurğulamaq olar".
Dağlıq Qarabağ münaqişəsinə toxunan Litva XİN rəhbəri bildirib ki, bu münaqişənin həlli Aİ-nin xarici siyasətinin əsas prioriteti olaraq qalır.
L.Linkyaviçyus Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü və prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesini irəlilətmək istəyini alqışlayıb.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiklərini bəyan edib.


AzNews.az