Tarix yazan qadınlar – Fotolar

11 Avqust 2012 08:36 (UTC+04:00)


Məşhur aktrisa Joan Collinsin gözəl bir kəlamı var: "Dünya qadınsız var ola bilməz. Gələcək bizim əlimizdədir". Qəhrəmanlıq edən qadınlarımızı görəndə həqiqətən gələcəyin onların əlində olduğunu düşünürük. Qadınlar qeyri-adiliklərlə doludur və biz elə bu yazıda "zəif cins"in gücünü göstərən faktları, onların surpirizlərini təqdim edəcəyik.


Kamalə Qəhrəmanova necə "Qəqəni" oldu?


Sambo ilə məşğul olan 18 yaşlı Kamalə Qəhrəmanova sambo yarışına tam hazır vəziyyətdə olsa da, "yox" cavabı alır. Səbəbi kimi isə onun qadın olmağı göstərilir. Ancaq onun vətən sevgisinə, döyüş həvəsinə heç nə mane ola bilmədi. Elə həmin axşam saçlarını oğlan kimi kəsdirir, oğlan papağını başına qoyur və...olur Kamal Qəhrəmanov. Döyüş zamanı kişilərdən heç geridə qalmayan Kəmalə Qəhrəmanova "Qəqəni" ləqəbi ilə tarixə düşür.


Nəhayət gözlədiyi gün çatır və Ağdama yollanır...


Hərbiçi dayısının yanında böyüyən Nurcahan Hüseynova artıq cəbhənin, döyüşün nə olduğunu bilirdi. Televiziyadan cəbhəyə çağırışı eşidən Nurcahan səhəri gün hərbi komissarlığa yollanır. Qeydiyyatdan keçsə də, qadın olduğu üçün ona arxa cəbhədə iş tapşırılır. Düşmənə nifrəti bitib-tükənməyən Nurcahan xanım bu yerindən narazı idi. Nəhayət gözlədiyi gün çatır və Ağdama yollanır. İlk döyüş yolu, yaddaşlarda nə qədər uğursuz qalsa da, Şuşa yaxınlığında yerləşən Daşaltı əməliyyatından başlayır. Özünün döyüşlərdə kişi kimi vuruşmağını yetərsiz sayan Nurcahan xanım Bakıda təhsil alan oğlunu müharibəyə çağırır. Əməliyyat zamanı oğlunu itirir.

Vətən sevgisinin ilə yanaşı, bir də oğul qisası yandırır onun ürəyini. İndi döyüşmək üçün onun hamıdan çox səbəbi vardı. Nifrəti o qədər böyüyür ki, erməni əsgərin ürəyini çıxardıb spirtin içinə qoyaraq Bakıya gətirir. Sonra əməliyyatın tarixini üstünə yazıb oğlunun qəbrinin üstünə qoyur. Bu, onun nifrətinin qarşısını almasa da, bir az sakitləşməsinə kömək olur.


Şəhid olduğu yer adına əbədiləşdi


Hamının yaxşı tanıdığı Salatın Əsgərova... 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşür və olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı Salatın Əsgərova amansızcasına qətlə yetirilir.

Salatın ailəli idi, bir oğlu var. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. Həlak olduğu kəndə "Salatınkənd" adı verilir.


Səadət Abbaslı

AzNews.az