BMT-nin Ali Komissarı bəyanat verdi

10 Dekabr 2013 11:00 (UTC+04:00)
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Navi Pillayın İnsan Hüquqları Gününə dair bəyanatı verib.


BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən məlumata görə, bəyanatda qeyd olunub ki, iyirmi il bundan öncə Vyanada tarixi bir sənəd qəbul edilib, sənəddə insan hüquqlarının universal olması prinsipi rəsmiləşdirilib və dövlətlərin üzərinə siyasi, iqtisadi və mədəniyyət sistemlərindən asılı olmayaraq bütün insanların insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklər qoyulub: "Digər bir sıra mühüm və yenilikçi nailiyyətlərlə yanaşı Vyana Deklarasiyası mənim Ofisimin – İnsan Hüquqları üzrə Ali Komissarlığın yaradılmasına gətirib çıxardı. Həmin vaxtdan insanların düşünə biləcəyindən çox daha böyük irəliləyişlər baş verib.

İnsan hüquqlarının müdafiəsi və təşviqi üçün əsaslar lazımı dərəcədə mövcuddur: buraya güclü və gündən-günə genişlənən insan hüquqları üzrə beynəlxalq qanun və normalar toplusu, o cümlədən qanunların interpretasiyası, uyğunluqlarının monitorinqi və onların insan hüquqları ilə bağlı yeni və meydana çıxan məsələlərə tətbiqi ilə məşğul olan qurumlar daxildir. Bu gün qarşıda duran əsas məsələ insan hüquqlarından tam şəkildə yararlana bilmək üçün bu qanun və normaların həyata keçirilməsidir. Buna nail olmaq üçün çox zaman siyasi iradə, insan və maliyyə resursları çatışmır. Əfsuslar olsun ki, Vyana Deklarasiyasının qəbulundan sonra ötən 20 il ərzində qəddarlığın qarşısının alınması və insan hüquqlarının mühafizəsi sahəsində çox sayda uğursuzluqlar müşahidə olunub. Beynəlxalq insan hüquqları qanunlarının ciddi şəkildə və geniş miqyasda pozulduğu bir sıra hallarda beynəlxalq ictimaiyyət insan hüquqları müdafiəçilərinin xəbərdarlıqlarına və zərərçəkmişlərin səslərinə cavab vermək üçün olduqca zəif, bölünmüş, uzaqgörməyən və ya sadəcə olaraq qeyri-adekvat olub. Vyana Deklarasiyası hələ də tamamlanmamış möhtəşəm bir sistem üçün layihə olaraq nəzərdən keçirilməlidir.

Dövlətlərin yanaşması artıq əvvəlkindən daha diqqətlidir, vətəndaş cəmiyyəti təşkilatlarının və fərdi insan hüquqları fəallarının sayı son 20 ildə əhəmiyyətli dərəcədə artıb. Müstəqil milli insan hüquqları institutları ilə birlikdə onlar milli səviyyədə insan hüquqlarının inkişafının əsasını təşkil edir. Bir çox ölkələrdə bu tərəflərin də getdikcə artan aqressiya və hədə-qorxu ilə üzləşməsi böyük narahatlıq doğuran bir məsələdir".

Bəyanatda daha sonra qeyd olunub ki, qadınlar hələ də ayrı-seçkilik, zorakılıq və təqibə məruz qalmaqdadırlar: "BMT-nin İnsan Hüquqları Ofisi insan hüquqlarının pozulması hallarının qarşısını almaq üçün bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcək. Biz insan hüquqlarının pozuntularını hər zaman bütün dünyaya çatdıracağıq. Keçmişin faciəvi səhvlərinin təkrarlanmaması və bütün insanların insan hüquqlarının müdafiə və təşviq olunmasını təmin etmək üçün dövlətlərdən öhdəliklərini yerinə yetirmələrini tələb etməyə davam edəcəyik. Biz bu istiqamətdə əlimizdən gələni etməliyik və edə bilərik.

20 il bundan əvvəl Vyanada formalaşmış fikirlər hələ də qüvvədədir. Onlar həm bu gün – düz 20 ildən sonra, həm də gələcəkdə uğrunda mübarizə aparılmalı dəyərli görüşlərdir".


AzNews.az