İlahi eşq, ötən əsrə səyahət və kitabın sehri

10 Dekabr 2013 11:11 (UTC+04:00)
"Kitab bilik mənbəyidir" – deyimi uzun zamandı ki, unudulub.


İndi biliyi internetdə axtaranlar çoxalıb. Ancaq kitaba sadiq qalanlar da yox deyil. Peşəsindən, vəzifəsindən, işinin az və ya çoxluğundan asılı olmayaraq, kitabın sehrinə düşənlər AzNews.az-a hazırda oxuduqlarından danışıb:


"Hər kəsə tövsiyə edirəm bu kitabları oxumağı"


Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bədii mütaliəyə hər zaman vaxt tapır. Son vaxtlar İKT sahəsində keçirilən böyük tədbirlər səbəbindən oxumağa kiçik ara versə də, sevimli kitablarını yenidən əlinə götürüb:



"Yayda Sinan Yağmurun Şəms Təbrizinin həyatından bəhs edən "Eşqin göz yaşları" kitabını oxudum. Bu ay isə fransız müəllifin kitabını oxuyuram. "Eşqin Kimyası" adlanan bu kitab isə Mövlana Cəlaləddin Ruminin qızının həyatından bəhs edir".

Kitablar haqqında təəssüratını bölüşən mütəxəssis seçdiyi kitabları hamıya məsləhət görüb: "Hər kəsə tövsiyə edirəm bu kitabları oxumağı. Böyük sufi alimlərdir hər ikisi".

Qurban Yaquboğlu 20-ci əsrə səyahət edib


Özü kitab müəllifi olan yazıçı-publisist Qurban Yaquboğlu isə 20-ci əsrin mühacir ədəbi nümayəndəsinə müraciət edib:



"Hazırda Ümmul Banunun "Qafqaz günləri" əsərini oxuyuram. Bu avtobioqrafik roman vaxtilə "Azərbaycan" jurnalında, səhv eləmirəmsə, 80-ci illərin sonunda çap olunmuşdu. O zaman 20-ci əsrin əvvəlləri, inqilab və Bakı mühiti haqda məqalə, informativ yazı oxumaq daha maraqlı idi.

İndi isə həmin dövrə bədii səyahət daha gözəldi. Milyonçu qızı olmuş və bolşevik inqilabından sonra Fransaya mühacirət eləmiş bir xanımın öz nəslinə, keçmişinə son dərəcə sərbəst və azad münasibətinə heyran qalmamaq mümkün deyil".

Oxuduğumuz mahnıları kitabların içindən seçirik


Tanınmış müğənni Baloğlan Əşrəfov AzNews.az-a açıqlamasında deyib ki, hər şeylə, hətta siyasətlə də maraqlanır. Kitab oxumaq vərdişi isə lap universitet illərindən formalaşıb:



"Hər gün dövri mətbuatı izləyirəm. Köşkdə yeni nə görsəm, alıb oxuyuram. Lap siyasətlə də maraqlanıram. Azərbaycan siyasətindən tutmuş dünya siyasətinə qədər. Siyasətə qarışmasam da, baş verən hər şeylə maraqlanıram. Yeni çıxan kitabları, əsasən, şeirləri mütləq oxuyuram.

Bilirsiniz, biz oxuduğumuz mahnıları kitabların içindən seçirik. İşimiz gərəyi oxumalıyıq. Ancaq, məncə, kitabı sadəcə işimizin tələb etdiyi üçün deyil, lazım olduğu üçün oxumaq lazımdır.

Hazırda klassik şeir üslubunda yazan Hacı Ələmdar Mahirin "Füzuli şeirinin şərhi" kitabını oxuyuram. Kitab Füzuli yaradıcılığı ilə bağlı indiyə qədərki bütün fikrimi alt-üst etdi. Paralel olaraq Sona Çərkəzin "İkimizin kitabı"nı da oxuyuram".

Ruhiyyə
AzNews.az