Ramil Usubov polis rəislərini sərt tənqid etdi

10 Dekabr 2013 12:02 (UTC+04:00)
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov sonuncu kollegiya iclasında bir neçə rayon polis idarəsi rəisinin ünvanına sərt ittihamlar səsləndirib, onların fəaliyyətini kəskin tənqid edib.

Daxili İşlər Nazirliyindən adını açıqlamayan zabitin sözlərinə görə, R.Usubov əsasən, Cəlilabad, Samux, Şabran və paytaxtın bir neçə rayon polis rəisinin işindən narazılıq ifadə edib.

Nazir son qərarını verməsə də, bəzi rayonların fəaliyyətinin təftiş edilməsi tapşırığını da dilə gətirib.

Ehtimal olunur ki, R.Usubov ona verilən məlumatların yoxlama ilə təsdiqini tapacağı təqdirdə, ciddi ölçü götürəcək.

Etibarlı mənbə təsdiqləyir ki, xüsusi tənqid hədəfinə tuş gələnlərdən biri Şabran rayon Polis İdarəsinin rəisi Azad Məmmədovdur.

Nazirin A.Məmmədov haqqında ciddi ölçü götürmək qərarının qarşısını isə polis rəisinin rəsmən məzuniyyətdə olması alıb.

Şabran Rayon Polis Şöbəsindən həqiqətən də A.Məmmədovun məzuniyyətdə olduğunu təsdiqlədilər. (axar.az)