Azərbaycan dilindəki elan erməniləri qorxuya salıb

10 Dekabr 2013 13:48 (UTC+04:00)
Ermənistanın "İrs" partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan Rusiyanın "Aeroflot" şirkətini məhkəməyə verəcək.

"Vesti.az" saytında bildirilir ki, buna səbəb dekabrın 8-də İrəvan-Moskva reysini həyata keçirən təyyarədə enişlə bağlı elanın Azərbaycan dilində verilməsidir. Moskvaya enən zaman təyyarənin dinamiklərindən qəflətən Azərbaycan dilində "Hörmətli sərnişinlər, Xahiş edirik kəmərləri bağlayıb öz yerlərinizi alasınız. Təyyarəmiz "Şerimetyevo" hava limanında yerə enir" elanı verilib. Bu elan Tevan Poqosyanı və onunla birlikdə təyyarədə olan 185 ermənini ciddi təşvişə salıb. Ermənilər təyyarənin Moskvaya deyil, Bakıya endiyini düşünüb, bərk təşviş hiss keçiriblər.
Poqosyan bildirib ki, "Aeroflot" milli ayrı-seçkiliyə yol verir: "Özlərini elə aparırlar ki, sanki heç nə olmayıb. Qəribə odur ki, elan nə ingilis, nə rus, nə erməni dilində verilmədi, Azərbaycan dilində səsləndi. Niyə onlarda Azərbaycan dilində lent yazısı var, erməni dilində isə yoxdur?"

Məqalənin müəllifi Bəhram Batıyev erməni deputatın Azərbaycan dilini bilməsinə diqqət çəkir: "Əlbəttə ki, Ermənistan parlamentinin deputatının Azərbaycan dilini bilməsi, elanın mətnini anlaması xoşdur. Lakin öz strateji müttəfiqlərinin təyyarəsində Azərbaycan dilində elanı eşidən 184 erməninin necə dəhşət hissi keçirdiyini təsəvvür edirəm. And olsun ki, ermənilərlə zarafat etmək istəsən, gərək belə edəsən. Düşünürəm ki, onlar bu reysi ömrü boyu unutmayacaqlar".(APA TV)