ABŞ-dan Ukrayna hakimiyyətinə sərt ismarış: “Qəbuledilməzdir”

11 Dekabr 2013 08:14 (UTC+04:00)
ABŞ Kiyevdə aksiyaçılara məxsus barrikadaların sökülməsindən sonra Ukrayna hakimiyyətinin atdığı addımlardan narahat olduğunu bəyan edib.

AzNews.az "France-Presse"-ə istinadən xəbər verir ki, bu barədə bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib: "Biz Meydanda dinc aksiyaya xüsusi təyinatlılar, buldozer və polis dubinkaları ilə cavab verilməsindən narahatlığımızı ifadə edirik".

C.Kerrinin sözlərinə görə, demokratiya və insan hüquqlarına zidd olan bu hərəkətlər qəbuledilməzdir və demokratik dövlətlə bir araya sığmır.

ABŞ dövlət katibi həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti xalqın təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır.

Meydanda dekabrın 10-da baş verənlərlə bağlı Avropa İttifaqının nümayəndəsi Ketrin Eştob da bəyanatla çıxış edib. Dekabrın 11-i səhər satlarında Aİ-nın Ukraynada olan nümayəndə heyətinin Facebook səhifəsində yayılan bəyanatda hakimiyyətin addımları pislənilir:

"Hakimiyyət gecədən istifadə edib xalqla milis dili ilə danışmamalı idi. Siyasi qüvvə və xalqla dialoq həmişə gücün arqumetlərindən yaxşıdır".

Qeyd edək ki, dekabrın 10-dan 11-ə keçən gecə Kiyevdə aksiyaçıların barrikadaları sökülüb, meydandakılara güc tətbiq edilib.

Elnarə
AzNews.az