AzNews.az yenə qalib oldu – Müsabiqə

11 Dekabr 2013 12:48 (UTC+04:00)
Bu gün "Onlayn medianın inkişafına dəstək" Layihəsi çərçivəsində keçirilən "Onlayn Media" Müsabiqəsinin nəticələri açıqlanıb.

Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz Təqdimat mərasimini açaraq Layihə haqqında, Onlayn Media Müsabiqəsi və keçirilən Təlimlər haqqında geniş təqdimatla çıxış edib.

Onlayn Media Müsabiqəsi 15 sentyabrdan 01 dekabr tarixədək davam edib. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan 30 jurnalist və bloqçu iştirak edib. Müsabiqəyə 30 yazı təqdim edilib və 27 yazı Müsabiqəyə qəbul edilib. Müsabiqə Qaydalarına cavab verməyən 2 yazı və münsiflər tərəfindən plagiat hesab olunan 1 yazı Müsabiqədən kənarlaşdırılıb. Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.

Həmçinin Müsabiqədə mikrobloqşular da iştirak edib. 70 mikrobloqçu qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə Twitterdə elektron hökumət quruculuğu ilə bağlı , e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı 500-dən çox tvit yazıblar.

Məqalələri və tvitləri 10 ballıq sistemlə media və IT sahəsində ekspertlərdən ibarət Münsiflər qiymətləndiriblər. Münsiflər tərəfindən verilmiş ballar əsasında qaliblər müəyyən olunub.
Yazı müsabiqəsində 1-ci yeri Rühiyyə Hüseynova (Aznews.az), 2-ci yeri Fərman Nəbiyev (Mingəçevir işıqları), 3-cü yeri isə 3 nəfər – Babək Cahandarov( gun.az), Günay Musayeva (musavat.com) və Aynurə Əhmədova ( ayna.az) qazanıblar.

Yazılar üzrə həvəsləndirici yerləri Elşad Paşasoy (musavat.com), Fərəh Sabirqızı (modern.az), Bəkir Nərimanoğlu ( mediaforum.az), Mustafazadə Mircavad(femida.az), Elxan Salahov(hafta-ichi.az), Mirvari Nəzərova( qaynarinfo.az), Aygün Cəfərli (kaspi.az), Nüsrət Zeynalov (gazete.az) və bloq yazarı , yeni media üzrə pedaqoq Səbinə İzzətli qazanıblar.

# ehokumət həçtəqi üzrə sosial mediada keçirilən yarışmada 1-ci yeri Ülkər Eldarqızı, 2-ci yeri Ramin İlyasov və 3-cü yeri Kamran Novruzov qazanıb.

#etehsil həştəqi üzrə sosial mediada keçirilən yarışmada 1-ci yeri Jalə Səmədova, 2-ci yeri Ülkər Eldarqızı və 3-cü yeri Rəşad Mehdizadə tutub.

Bu istiqamət üzrə də həvəsləndirici mükafatlar verilib.
Bütün qaliblərə və fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.

Layihə çərçivəsində eyni zamanda jurnalistlərin professional hazırlığına kömək məqsədilə bir həftəlik Təlimlər keçirilib. Təlimlərdə 33 nəfər gənc jurnalist iştirak edib.

Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Rəşad Əliyev, Ayaz Quliyev, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov və Elektron Hökumət Portalının əməkdaşları İlqar Abdullayev və Rahib Əliyev aparıblar.

Bu gün keçirilən Təqdimat mərasimində Təlimləri uğurla başa vuranlara Sertifikatlar da verilib.

Qaliblərin mükafatlandırılması mərasimində, hədiyyələrin və diplomların təqdim edilməsində Mətbuat Şurasının sədri Əflatun Amaşov, RTİN şöbə müdirləri Kamal Məmmədov və Rauf Cabbarov, Nar Mobile-in rəsmi nümayənsədi Nigar Arpadarai, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov , Elektron hökumət Portalının nümayəndəsi Vüqar Abdullayev, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, Media ekspertlər Ələsgər Məmmədli, Seymur Kazımov, Azər Həsrət, MediaForum-un redaktoru İsmayıl İsmayılov, AMEA İT İnstitutunun şöbə müdiri Rasim Mahmudov və yeni media üzrə mütəxəssislər, pedaqoqlar iştirak edib və çıxış ediblər.

"İKT İli" çərçivəsində həyata keçirilən Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə Multimedia Mərkəzi tərəfindən həyata keçirilib.


AzNews.az