“Bu gün də mövqeyimizin üzərində dayanırıq” – Gülağa Aslanlı

11 Dekabr 2013 13:24 (UTC+04:00)

"Nəyə görə, bəzi media nümayəndələri Müsavat başqanının "dəyərləndirəcək", deməsini, "Milli Şuradan çıxacaq" kimi başa düşüblər? Bu mənim üçün çox maraqlıdır".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı deyib.

G. Aslanlı bildirib ki, partiya başqanı İsa Qəmbər Milli Şuranın sonuncu sessiyasındakı çıxışında fəxri sədr postu və bu vəzifəyə Rüstəm İbrahimbəyovun təyinatı ilə bağlı məsələnin partiyada dəyərləndiriləcəyini deyib:

"İsa Qəmbər partiyanın Milli Şuradan çıxacağı haqda heç bir fikir söyləməyib. Mətbuat nümayəndələri bu məqama diqqət yetirməlidirlər". G. Aslanlı partiya Divanının sonuncu yığıncağında Milli Şura ilə bağlı verilən qərarı dəyərləndirib: "Müsavat Partiyasının Divanının Milli Şura ilə bağlı verdiyi son qərarı göstərir ki, müzakirələr hələ tükənməyib. Həm də biz ona diqqəti çəkdik ki, qərarlar müzakirəli formada verilməldir. Bu gün də mövqeyimizin üzərində dayanırıq".

AXCP funksioneri Fuad Qəhrəmanlının "AXCP-nin Milli Şuradan kənarda hər hansı iki tərəfli əməkdaşlığı real deyil" açıqlamasına da mövqeyini bildirən G. Aslanlı deyib ki, əslində, Müsavat Divanının qərarı ilə AXCP-nin fikri üst-üstə düşür:

"Divanın qərarında da göstərilib ki, məsləhətləşmələr Milli Şurada təmsil olunan qüvvələrlə aparılacaq. Siyahıya baxdıqda, burada Milli Şuradan kənar qüvvənin olmadığını görmək olur".

AzNews.az