Polis sürücülərə müraciət etdi

12 Dekabr 2013 09:04 (UTC+04:00)



Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir.

Onun sözlərinə görə, avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.

V.Əsədov sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmamağı, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.

AzNews.az