Müsavatla ADP arasındakı gərginlik artır

11 Avqust 2012 13:39 (UTC+04:00)


Məlum olduğu kimi bir neçə gün öncə Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev İctimai Palatanı kəskin tənqid etmişdi. O, bildirmişdi ki, özlərini liderlər hesab edən siyasətçilər şəxsi ambisiyalarına görə müxalifətin birliyinin qarşısını alırlar: "Millətin taleyi və müqəddəratı həll olan bir dövrdə bu şəxslər özlərində məsuliyyət hiss edərək, xalqı öz şəxsi maraqlarına qurban verməməlidirlər. Artıq seçkilərə bir il qalıb. Bir ay qalmış müzakirəyə çıxaradacaqlarsa, onun heç bir əhəmiyyəti qalmayacaq. Vahid namizəd məsələsində adı çəkilən liderlər bir araya gəlmək cürətində deyillər".

Sədr müavininin bu fikirləri Musavat Partiyasında qəzəblə qarşılanıb. AzNews.az-a açıqlama verən Musavat Partiyasının sədr müavini Gülağa Aslanlı deyib ki, ADP funksionerinin bu bəyanatı qərəzlidir: "Belə iradları varsa, özləri hərəkətə keçsinlər və hakimiyyətə gəlsinlər. Son zamanlar demək olar, ADP heç bir iş görməyib. Onlar sadəcə, bəyənat verməklə məşğuldur. Bununla irəliyə getmək olmaz. Amma İctimai Palatada olan təşkilatlar, partiyalar, 2010-cu ildə parlament seçkilərindən narazı olan şəxslər müəyyən addımlar atırlar. Düşünürəm ki, hakimiyyətə gəlmək üçün real addımların sayı daha da artacaq. ADP də bizim sırada olsa, yaxşı olar, amma kənardan müxalifəti tənqid etməklə məşğul olacaqlarsa, İctimai Palata onlarla birlikdə ola bilməz".

Vahid namizəd məsələsinə də toxunan başqan müavini qeyd edib ki, müxalifət zamanı gələndə öz namizədini ortaya çıxaracaq: "Hər kəs yaxşı bilir ki, vahid namizəd deyəndə İctimai Palatanın namizədi nəzərdə tutulur. Ona görə ki, kənardakı müxalifət partiyaları isə birləşməyəcəklər, hər partiya sədri ayrıca namizədliyini verəcək. Bu, Sərdar Cəlaloğluna, Sabir Rüstəmxanlıya, həmçinin, digər partiyalara aiddir. İctimai Palata hələki vahid namizəd seçmək fikrində deyil".


İlkin

AzNews.az