“Onun məzarı xalqın ziyarətgahına çevrilib“- Abdin Fərzəliyev

12 Dekabr 2013 17:59 (UTC+04:00)
Bu gün Nərimanov rayonunda mərhum prezident Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib: "Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər". A.Fərzəliyev qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır: "1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur".
Anım mərasimində çıxış edən millət vəkili Siyavuş Novruzov və digərləri mərhum prezidentin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Natiqlər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu bildirdilər. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bildirilib ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi tədbirlər miqyasına görə onilliklərin çərçivəsinə sığmır. Onun dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edib.
Qeyd edək ki, Nərimanov rayonu ərazisində təhsil, səhiyyə ocaqlarında, idarə və təşkilatlarda da Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər keçirilib.
Həmçinin rayon ərazisində, bir neçə yerdə Nərimanov Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsini anmaq məqsədilə ehsan süfrələri açılıb.


AzNews.az