İranda yeni partiya yaradılır

12 Dekabr 2013 18:58 (UTC+04:00)
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, yeni siyasi partiya İranlıların Ümid Fondunun prezidenti Məhəmmədrza Arif və digər tanınmış siyasətçilər tərəfindən yaradılır.

M. Arif bildirib ki, hazırda bununla bağlı yaradılmış işçi qrupu ciddi şəkildə işləyir: "Lakin hələlik qəti nəticəyə gəlməmişik. Əlbəttə, qəti nəticəyə gələcəyimiz gün yekun qərarımızı açıqlayacağıq. Mən inanıram ki, ölkənin siyasi uğurları təşkilatlar çərçivəsində mümkündür. Biz də ölkədə böyük siyasi partiyaların olmadığını görürük. Hazırda ölkədəki vəziyyəti, siyasi qruplar və təşkilatları qiymətləndiririk. Əgər partiya çərçivəsində siyasi fəaliyyət göstərmək qərarı olsa, onda daha çox siyasi partiya və təşkilatlar arasında əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsini təşviq edəcəyik".

Onun sözlərinə görə, İranlıların Ümid Fondu qeyri-siyasi qurum olmaqla yanaşı, partiyanın da bir növüdür: "Bu təşkilat əsasən strateji, xüsusilə elmi, sosial və mədəni sahələrdə fəaldır".

M. Arif deyib ki, onlar əsasən növbəti parlament seçkilərində iştirak etməyi planlaşdırırlar.

Qeyd edək ki, M. Arif 1997-2000-ci illərdə Məhəmməd Xatəminin hökumətində poçt, teleqraf və telefon naziri, 2001-2005-ci illərdə isə onun birinci müavini işləyib. 2013-cü il iyunun 15-də İranda keçirilmiş prezident seçkilərində islahatçılar düşərgəsindən ölkə prezidentliyinə namizəd olsa da, ancaq sonradan öz namizədliyini hazırkı prezident Həsən Ruhaninin xeyrinə geri götürüb.



AzNews.az