“Elektron hökumət” portalına daxil olmaların sayı- 424 778

13 Dekabr 2013 09:22 (UTC+04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin noyabr ayının 30-a qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 424 778 daxilolma qeydə alınıb.

AzNews.az xəbər verir ki, portala müraciət edənlərin ümumi sayı isə 245 607 nəfər olub.

Belə ki, 245 607 nəfər ümumən 424 778 dəfə portala baxıb və 651 008 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 480 010 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 46 saniyə olub.

MHM sədrinin müşaviri Vüqar Abdullayev AzNews.az-a bildirib ki, portala müraciət edənlərin əksəriyyəti yeni istifadəçilərdir:

"Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58 faizini yeni istifadəçilər, 42 faizini isə təkrar müraciət edənlər təşkil edib.

Müqayisə üçün noyabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 31 933 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 20 449 nəfər olub. Həmin şəxslər 112 164 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 71 365 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 10 saniyə təşkil edib.

Noyabr ayı ərzində portala müraciət edənlərin 50.9 faizini yeni istifadəçilər, 49.1 faizini isə təkrar müraciət edənlər təşkil edib.

Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 22500-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub".

Ruhiyyə
AzNews.az