“Son məktub“un təqdimatı keçiriləcək

13 Dekabr 2013 11:55 (UTC+04:00)
Azərbaycanlı yazıçının xəbəri Türkiyədə ən çox oxunan xəbərlərdən oldu


Bugünədək 7 bestselleri ilə azərbaycanlı oxucuların rəğbətini qazanmış yazıçı Varisin 8-ci romanı `Apostrof ` nəşriyyatında çapa hazırlanır və dekabrın 28-də işıq üzü görəcəyi müəyyənləşdirilib. Dekabr ayının sonlarında `Əli və Nino` kitab mağazaları şəbəkəsinin və `Park Bulvar` AVM-in təşkilatçılığı ilə yazıçının imza günü keçiriləcək. Söhbət `Son məktub` romanından gedir.

Qeyd edək ki, romanın yolunu oxucular böyük səbirsizliklə gözləyirlər. Çünki `Hələ də əsl sevginin varlığına inananlar üçün` başlıqaltısı ilə çıxacaq `Son məktub` real faktlara əsaslanan müdhiş bir sevgi dramıdır. Min günah törədib bir savabla günahlarını yumaq istəyənlərdən fərqli olaraq əsərin qəhrəmanı bir günah törədib min savabla belə onu yuya bilməyəcəyi qorxusuyla yaşayır. O, həyat filminin bitdiyini zənn edir, amma gözlənilmədən sonluq titrləri qırılır, filmin davamı başlayır…

`Son məktub`la bağlı daha bir maraqlı detal. Turkiyə oxucusuna tanınmış türk yazarı İmdat Əfşarın tərcüməsində `Sana inanıram` və `Yetmiş yeddinci gün` romanları ilə tanış olan yazıçının yeni romanı barədə bu günlərdə Türkiyənin aparıcı xəbər portallarından olan `Türkiye Habar Ajansı`nda dərc edilən informasiya 30 min oxunma sayı ilə ayın ən çox oxunan xəbərləri üçlüyündə yer tutur.

AzNews.az