Həqiqət zorlanmış qız kimi ortada qalıb

13 Dekabr 2013 12:11 (UTC+04:00)
Adil Mirseyidi öldürürlər

Təəccüblənmirəm!

İllər öncə, qızı elçi gətirən yaşdadır, hələ də evi yoxdur – deyə bir şey yazmışdım. Sonra başa düşdüm nə qədər sadəlövh olduğumu. Sonra anladım ki, yahu, burda qəbri adama çox görərlər, nəinki evi. Burda şərəfli ölməyə belə qoymazlar adamı, nəinki şərəfli yaşamağa!

Ciddi sözümdü.

Təəccüblənmirəm.

Çünki, artıq uşaq deyiləm.

Artıq bu ölkədə nələrin baş verdiyini ip-iycə bilirəm.

İstedadı və şərəfi olan, yaltaqlanmayan istənilən yazarı rəsmən öldürürlər. Sadəcə, birində alınır, o birində yox. Birinin səhhəti buna müsaiddir, o biri hələ ki, sağlamdır.

Bu yaxınlarda Əli Kərim barədə yazmışdım.

Onun necə məhv edildiyini qısaca anlatmışdım.

Əli Kərimin ailəsi üstümə qalxdı.

Hətta oğlu Paşa Əlioğlu elə bir yazı yazdı ki, guya Əli Kərimin ən yaxın dostu Rəsul Rza olub, ona atalıq qayğısı göstərib.

Bu uzaq tarix deyil.

Əcəba Rəsul Rza kimi yüksək postlarda işləyən ciddi və zəhmli bir dövlət məmuru bütün günü Əli Kərimlə ucuz "padval"larda "alkaşlıq"mı edirdi? Niyə adamlar bu qədər simasız olur, ilahi?

Axı Əli Kərim özü yazmışdı:


Mənim dostlarıma bir sözüm də var

Məni vurdular!

Əcəba kim idi şairi vuran? Niyə vururdular? Onun xitab etdiyi dostları kim idi?

Dünyada atasının bu qədər parlaq həqiqətini danan, onu qorxaqcasına, riyakarcasına qaralayan adam tapmaq mümkünmü görəsən? Bu nə zülmdü düşmüşük?

Sabir Əhmədli...

Eyvaz Əlləzoğlu...

Rafiq Tağı...

Şaiq Vəli...

Bu şəhidlərin siyahısını uzatmaq da olar.

Uzanır da zatən!

İndi növbədə Adil Mirseyiddir.

Bu adamlar ona görə məhv olurlar ki, əlikərimlərin övladları belə düşünür və belə yazır.

"Məni vurdular!" – söyləyən atalarına deyil, anarlara, fikrətqocalara, çingizabdullayevlərə inanır, onlara biət edirlər.

Həqiqət zorlanmış qız kimi ortada qalıb.

...Növbədə Adil Mirseyiddir!

Onu da beş-altı adamla, beş-altı yazıyla uğurlayıb növbəti qurbanı gözləyəcəyik.

Gerçək bu, arxadaşlar!

Siz də deyirsiz, Azərbaycanda ciddi ədəbiyyat niyə yaranmır?!

Ciddi ədəbiyyat eee...

Məzəniz olsun!

qafqazinfo.az