Gəncə və Goranboyda bağçalarda təhlükəli faktlar

13 Dekabr 2013 14:57 (UTC+04:00)
Gəncə şəhəri və Goranboy rayonunda bir neçə körpələr evi və bağçada aparılmış yoxlamalar zamanı qidalanmanın dövlət standartına uyğun olmadığı aşkar edilib.

Bu barədəStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri və Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Araşdırma Gəncə şəhəri, DOS-6 ünvanında yerləşən 10 saylı uşaq bağçası-körpələr evi, Nərimanov prospektində yerləşən 26 saylı körpələr evi-uşaq bağçası, Zərdabi küçəsində yerləşən 28 saylı körpələr evi-uşaq bağçası, Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanında yerləşən 33 saylı körpələr evi-uşaq bağçası, H.Əliyev prospekti, 16 ünvanında yerləşən 47 saylı körpələr evi-uşaq bağçası, Goranboy rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 1 və 2 saylı uşaq bağçalarında aparılıb.

Təhsil və tərbiyə müəssisələrində aparılmış dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunub ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır.

Müəssisə rəhbərlərinin AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması" dövlət standartı haqqında məlumatlı olduğu deyilsə də, sənədin onlarda olmadığı bildirilib.

Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olunub.

Müəssisələrdə mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmayıb, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur altında saxlandığı aşkarlanıb.

Həmçinin müəyyən olunub ki, mətbəxdə işlədilən qablar köhnədir. Standartın 1.4.27-ci bəndinə əsasən bağçanın girişində gündəlik menyunu əks etdirən lövhə olmalıdır ki, araşdırma zamanı buna da rast gəlinməyib.

Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

AzNews.az