Patriarx Filaret: “Prezident təminat verməlidir” - FOTO

13 Dekabr 2013 17:55 (UTC+04:00)
"Meydandakı insanlara təminat lazımdır ki, Ukrayna Avropada olacaq və Gömrük İttifaqına qoşulmayacaq".

APA-nın "RBK-Ukraina" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kiyevdə prezidentin, hökumət üzvlərinin, müxalifət liderlərinin və ictimai xadimlərin qatıldığı dəyirmi masada Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının rəhbəri Filaret deyib.

Filaret bildirib ki, qarşılıqlı ittihamlardan vaz keçib barışıq üçün yollar axtarmaq lazımdır: "Meydan niyə toplanıb? Tələbələr niyə küçəyə çıxıb? Onlar nümayiş etdirmək istəyirlər ki, Ukrayna Avropaya birləşmək istəyir. Vəd olunmuşdu ki, Ukrayna Avropaya gedəcək, bu vədləri yerinə yetirmək lazımdır. Yerinə yetirməsəniz, sizə etimad olmayacaq. Meydandakı insanların dağılışması üçün qarantiya lazımdır ki, Ukrayna Avropada olacaq. Bu, birincisi".

Dini rəhbərin fikrincə, Ukrayna Gömrük İttifaqına qoşulsa, daha ciddi problemlər yaranaq. O, prezident Yanukoviçi avrointeqrasiya barədə təminat verməyə çağırıb: "Birinci, təminat verilməlidir ki, Ukrayna Avropaya daxil olur və Gömrük İttifaqına qoşulmur. İkincisi isə güc tətbiqindən imtinadır. Güc tətbiqi vətəndaş müharibəsinə gətirib çıxaracaq".


Ukrayna Yazıçılar İttifaqının sədri Viktor Baranov isə bildirib ki, ictimaiyyət Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi bölümünün dərhal imzalanmasında israrlıdır. O, hesab edir ki, Ukrayna hökuməti meydanda baş verənləri qətiyyən anlamır: "Əgər meydanda olanları cinayətkar sayırsınızsa, necə danışıq aparmaq olar? Vətəndaş müharibəsindən qaçmaq üçün ictimaiyyət Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi bölümünün dərhal imzalanmasında israrlıdır".


AzNews.az