Şərif Ağayar: “...Anar müəllim, çıxın gedin evinizə”

14 Dekabr 2013 12:26 (UTC+04:00)
Şair Adil Mirseyidin xəstəliyi ilə bağlı mətbuatda yayılan məlumatlardan sonra Yazıçılar Birliyi ilə bu qurumdan uzaqlaşdırılan şairlər arasında söz savaşı yenidən başlayıb.

AYB Adil Mirseyidə dəstək olacağı ilə bağlı bəyanat verib. Qurum bəyanatında A.Mirseyidlə bağlı yayılan xəbərin arxasında qisas olduğunu açıqlayıb:

"Azərbaycan Yazıçılar Birliyinə dəxli olmayan adamlar, quruma qarşı fitnəkarlıqlarından əl çəkməyərək, birliyin nüfuzuna xələl gətirmək niyyəti ilə hər vasitəyə əl atırlar. AYB-yə qarşı növbəti təxribat da istedadlı şair Adil Mirseyidlə bağlıdır. AYB və ayrı-ayrı yazıçılar imkanları daxilində ona yardım göstərməyə hazırdırlar. Ancaq işlədiyi bütün idarə və təşkilatlardan yarıtmaz fəaliyyətinə görə qovulmuş, görkəmli yazıçılara qarşı daim tərbiyəsiz çıxışlar edən, biədəb ifadələr səsləndirən bir adamın Adil Mirseyidə "qahmar çıxması"nın tək bir səbəbi var; AYB-dən qisas almaq!"

AYB-dən çıxarılan şair Şərif Ağayar AzNews.az-a açıqlamasında qarşı tərəfi- AYB rəhbərliyini ittiham edib:

"Adil Mirseyid ölüm ayağındadır. Mən onun həmkarı, dostu, tanışı, ən azı bu ölkənin vətəndaşı olaraq deyirəm. Anar müəllim, belə bir istedadlı adamın 2 min manata görə müalicə ala bilməməsinin məsuliyyətini siz daşıyırsız. Çünki büdcədən sizə vəsait verilir, yazıçıları təmsil etdiyiniz üçün müvafiq dövlət qurumları sizi eşidir.

AYB-nin balansında olan obyektlərin icarəsindən pul qazanırsınız. Tədbir görün. Tədbir görmürsüzsə, çıxın gedin evinizə, bu işi bacaranlar gəlib otursun orda. Mənim istəyim bəlli! Bəs siz məndən nə istəyirsiz?! Sizin məqsədiniz nədir? Açıq deyin, bilək. Bəlkə düzələn işdir. Niyə adıma şər -böhtanlar yazdrırsız?"

Bahar Rüstəmli
AzNews.az