Müəllimlərin XIV qurultayında qətnamə qəbul olundu
14 Dekabr 2013 12:38 (UTC+04:00)
Azərbaycan Müəllimlərinin XIV Qurultayında qətnamə qəbul olunub.
Qətnaməni Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev oxuyub.
Qətnamədə qeyd olunub ki, hazırda əsas məqsəd biliklərə əsaslanan iqtisadiyyat quruculuğunda insan kapitalını önə çəkməkdir.
Sənəddə bildirilir ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" təhsilin məzmunca yeniləşdirilməsinə, milli ənənələrə, modernləşmə meyillərinə tam uyğun olan şəxsiyyət yönümlü təhsil sisteminin formalaşdırılmasına yönəlib.
Aparılacaq islahatlar innovativ metodları tətbiq edən, səriştəli təhsilverənin formalaşmasına, müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək. Dövlət-biznes əməkdaşlığına əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması Azərbaycan təhsilinin Avropa standartlarına uyğunlaşmasına kömək edəcək.
Qətnamədə bildirilir ki, təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi ilə bağlı Dövlət Strategiyasında yer alan alan müddəalar yeni maliyyələşmə mexanizminin yaranmasına imkan verəcək, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edəcək.
Qurultay iştirakçıları Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibəti illə təbrik edib, onun həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.(trend)