Pişəvərinin məzarı ziyarət olundu- Foto

14 Dekabr 2013 18:21 (UTC+04:00)
MDHP Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 68-ci ilini tədbirlər planı ilə qeyd edir


"Qafqazinfo" xəbər verir ki, bu həftə 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökümətin qurulmasından 68-il ötür. Bu şanlı tarixmizin qeyd edilməsiylə bağlı, Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamenti tədbirlər proqramı hazırlayıb. Həmin proqram çərçivəsində artıq iki gündür ki, ölkə ərazisində müxtəlif tədbirlər keçirilir. Dünən Yevlax rayonunda Seyid Cəfər Pişəvərinin dünyasını dəyişməyə səbəb olmuş yol qəzasının baş verdiyi yerin ziyarəti ilə başlayan tədbirlər, daha sonra MDHP Güney Azərbaycan Departamentinin Gəncə Təşkilatının sədri dok. Əli Dəstinin rəhbərliyi ilə Gəncə şəhərində davam etdirilib.

Bu gün isə MDHP rəhbərliyi Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət tədbiri keçirib. S.C.Pişəvərinin qəbri üstünə gül çələnki qoyulduqdan sonra, ruhuna fatifə oxunub. Sonra tədbiri MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli giriş nitqiylə açıb. O, "21-Azər" Hərəkatı və S.C.Pişəvərinin rəhbərliyi altında qurulmuş Güney Azərbaycan Milli Hökuməti barədə qısa məlumatlar verdikdən sonra sözu MDHP sədri, millət vəkili Fərəc Quliyevə verib. F.Quliyev çıxışında hadisənin daha çox fəlsəfi modelini ifadə edərək bildirib ki, "Bir millətin milli azadlıq hərəkatının güneyi-quzeyi olmur. Bütovlükdə milli azadlıq hərəkatı olur. Azərbaycan Milli Azadlıq Hərəkatı Quzeydə qələbə çalsa da, Güneydə bu mücadilə hələ davam edir." O, bu mübarizənin liderlərindən biri olan S.C.Pişəvərinin azərbaycançılıq və türkçülük modelini uğurlu şəkildə ortaya qoya bilməsini və Azərbaycan kimliyini fars kimliyindən qısa bir zamanda ayıra bilməsini mahiyyət etibariylə nə qədər böyük bir məslə olduğununun izahını verdi.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Güney Azərbaycan Şöbəsinin müdiri dok. Əkrəm Rəhimli çıxış edərək hadisənin tarixi və Pişəvəri şəxsiyyəti barədə maraqlı məlumatlar verib. O, bildirib ki, "S.C.Pişəvəriyə nə qədər qara yaxmağa çalışırlarsa, bunların hamısı həmin inqilabı ləkələmək cəhdindən başqa bir şey deyil. Fakt odur ki, bu şəxsiyyət yaranmış tarixi şəraitdən azərbaycanın xeyrinə məharətlə yararlana bilmişdir."

Tədbir iştirakçılarından tarix elmləri üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, Ümid Partiyasının nümayəndəsi Rüfət bəy, Asif Ata ocağından İşıqlı Atalı və başqaları çıxışlarında bu hadisənin qeyd olunmasının vacibliyindən danışdılar və MDHP-nin keçirdiyi bu tədbirləri yüksək qiymətləndirdiklərini və alqışladıqlarını bildirdilər.

Sonra tədbir ayrı-ayrılıqda Milli Azadlıq Hərakatının liderlərindən olan Əbülfəz Elçibəyin və Güney Azərbaycan Milli Hokumətinin ordu komandanı Qulam Yəhyanın məzarını ziyarətlə davam etdirildi. Ə.Elçibəyin məzarı üstünə gül dəstələri qoyulduqdan sonra, tədbir iştirakçıları qarşısında çıxış edən MDHP sədri F.Quliyev bildirdi ki, azadlıq hərəkatının quzeyi-güneyi olmadığı kimi, bu hərəkatın liderləri də bir ruhun daşıyıcılarıdır. Q.Yəhyanın məzarı üstunə də gül dəstələri qoyuldu və dok. Əkrəm Rəhimli bu şəxsiyyət barədə qısa məlumat verdikdən sonra, Q.Yəhyanın oğlu Bəhram bəylə xatirə şəkilləri çəkildi.

MDHP-dən verilən məlumata görə, Partiyanın Güney Azərbaycan Departamenti bu istiqamətdə tədbirləri davam etdirir. Məlumatda bildirilir ki, "21-Azər" Hərəkatı ilə bağlı partiyada tarixçilərin və siyasi xadimlərin iştirakı ilə dəyirmi masa keçiriləcək.



AzNews.az