AMİP funksioneri İxtiyar Şirini acıladı

13 Avqust 2012 09:04 (UTC+04:00)


Artıq bir həftədir elektron və yazılı KİV-də 1992-93-cü illərdə ölkənin Baş Prokuroru işləmiş İxtiyar Şirinlə AMİP-in bir-birini ittihamı davam edir. Bu ittihamlar elə səviyyəyə çatıb ki, ortalıqda ciddi proseslərin getdiyi fikri yaranır. Ancaq proseslərin nədən ibarət olması hələ heç kimə bəlli deyil.

AMİP-in tanınmış simalarından olan Əli Orucov AzNews.az-ın sulalını cavablandırarkən sabiq baş prokurorun onlarla müqayisədə çox kiçik olduğunu deyib. Onun sözlərinə görə, "İxtiyar Şirin-AMİP qarşıdurması" təqdimatı həddən artiq şişirtmədir: "İxtiyar Şirin kimdir ki, o, AMİP-lə qarşıdurmaya getsin. O, sıradan bir insandır, amma İxtiyar Şirin son zamanlar ağzına gələni danışır, nə dediyini heç özü də bilmir. Əslində heç ona baş qoşmağa da dəyməz. Sadəcə olaraq böhtanın, məsuliyyətsiz çıxışların da cavabı verilməlidir".

"İxtiyar Şirin kimdirsə, o zaman niyə onun dediklərinə reaksiya verilir"-sualına gəlincə, Ə.Orucov bildirib ki, əgər heç bir reaksiya verilməsə, o, daha qabağa gedə bilər: "Hər halda ona da yerini göstərmək lazımdır ki, yerini-yurdunu, öz kimliyini, nəçiliyini bilsin. Qoy hara ilişdiyini, kimin haqqında nə danışdığını bilsin".

Gültən
AzNews.az