Nazir 40 əməkdaşı barədə intizam tənbeh tədbiri görüb

16 Dekabr 2013 14:00 (UTC+04:00)
Nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməlllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 133 müraciət daxil olub.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in yaradılmasının 8-ci ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin mərkəzi aparatında keçirilən Kollegiya iclasında deyib.

FHN-ə işə düzəlməkdə köməklik göstərmək adı ilə vətəndaşlardan pul almış 4 əməkdaş barəsində prokurorluq orqanlarına göndərilmiş materiallar əsasında cinayət işi başlanıb. Ötən müddətdə 40 əməkdaş barədə intizam tənbeh tədbiri görülüb.

Bunlardan 12-si xidmətdən xaric edilib, 28 əməkdaş barəsində digər intizam tənbeh tədbiri görülüb, 4 əməkdaşa isə xəbərdarlıq edilib.

Bundan əlavə, özlərini FHN-in əməkdaşları kimi təqdim etmiş şəxslər tərəfindən işə düzəltməkdə köməklik göstərmək adı ilə vətəndaşlardan pul alınması ilə bağlı prokurorluq orqanlarına göndərilmiş materiallar əsasında 3 cinayət işi, zəlzələ bölgəsində yeni evlərin tikilməsinə köməklik göstərilməsi adı ilə özlərini FHN-in əməkdaşları kimi təqdim etmiş şəxslər, eləcə də bəzi yerli kənd icra və bələdiyyə nümayəndələrinin zərərçəkmiş şəxsləri aldadaraq pul almaları barədə prokurorluq orqanlarına göndərilmiş materiallar əsasında 5 cinayət işi başlanıb.

AzNews.az