Əli Həsənov: “Ermənilərin basqılarına məruz qalmışıq“

16 Dekabr 2013 15:56 (UTC+04:00)
Beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini, Azərbaycan aydınlarını, ziyalılarını, alimlərini, hər bir Azərbaycan vətəndaşını Dağlıq Qarabağ, Ermənistan Azərbaycan münaqişəsi başlayan gündən fəallığa çağırırdı: "Çünki hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir".

PA rəsmisi bildirib ki, hər bir insan özünün məşğul olduğu sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini, bizdə yaratdığı vəzifələrini unutmamalıdır. "Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Bütün ötən dövrdə biz ermənilərin fiziki, mənəvi, informasiya və digər basqılarına məruz qalmışıq. Bu, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayaraq bu gün də daxil olmaqla davam edir. 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu siyasət müəyyən mənada ermənilərin, müəyyən mənada isə onların havadarlarının təşəbbüsü ilə həyata keçirilib. Soyqırımı siyasəti təkcə azərbaycanlıları fiziki cəhətdən yox etmək deyil, onların malik olduğu əraziləri ələ keçirmək və onları dünyada biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdır".

Ə.Həsənov qeyd edib ki, buna görə də bizim nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır: "Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduğumuzdan onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalıyıq və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi, təklükəsizlik və digər vəzifələr qoyur. Mübarizə təkcə Azərbaycan xalqının, millətimizin, dövlətimizin fiziki təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Biz sərhədlərimizi möhkəmləndirə də bilərik, ərazilərimizi əldə etdikdən sonra isə fiziki təhlükəsizliyi təmin edə bilərik".

Onun sözlərinə görə, lakin ermənilərin fəaliyyəti təkcə bununla yekunlaşmır: "Cənab Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə bununla bağlı bəyan edib və xəbərdar edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə bir anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniya hər gün, hər saat, hər dəqiqə aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirir. Bu kampaniya getdikcə öz həddini aşaraq, millətimizə qarşı ciddi böhtanla müşahidə olunur. Bu gün faktiki olaraq biz beynəlxalq aləmdə ermənilərlə Azərbaycan həqiqətlərinin dünyaya yayılması və onun dünya ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparırıq".

Ə.Həsənov vurğulayıb ki, beynəlxalq aləmi isə erməni yalanlarından mühafizə etməyə çalışırıq: "Əlbəttə, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Çox sevinirəm ki, bu gün bu mübarizəyə Azərbaycan gəncliyi qoşulub. Biz çox sevinirik ki, Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, çıxmağa da özünün hazırlığını nümayiş etdirir".

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib. Portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında yayılmasına xidmət etməkdir.

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə çox vacib hadisələrdən biridir: "Biz bu gün virtual aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna dəstək olacaqlar".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır: "Bu mübarizə sadəcə real həyatda deyil, həm də internetdə aparılır. Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ haqqında və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində, bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır".

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bütün işlər bizi Qarabağa aparan yoldur: "Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram".

Tədbirdə, eyni zamanda, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan "Qarabağa doğru" filminin Azərbaycan və ingilis dillərində versiyalarının və "Şuşa-Virtual Səyahət" adlı 3D qrafik təsvirli filmin də təqdimatı baş tutub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyidir.

AzNews.az