Macarları özlərinə tanıdan alim

16 Dekabr 2013 16:36 (UTC+04:00)
Görkəmli macar türkoloqu, Avropa universitetləri tarixində ilk türkologiya kafedrasının qurucusu Armin Vamberinin (1832-1913) vəfatından yüz il keçir.

Bu həmin Vamberidir ki, ötən əsrin əvvəllərində türkçülük və turançılıq ideologiyasının banilərindən olan Əlibəy Hüseynzadə ona müraciətlə "Sizlərsiniz ey gövmi-macar bizlərə ixvan, Əcdadımızın müştərəkən məskəni Turan"- misralarını yazmışdı. Yusif Akçura isə özünün "Türkçülüyün tarixi" əsərində şəxsən tanıdığı macar aliminə ayrıca fəsil həsr etmişdi.

Bir qədər qəribə görünsə də, XX yüzilliyin əvvəllərində Vamberinin adı türk dünyasının ziyalıları və fikir adamları arasında indiki dövrlə müqayisədə daha populyar idi. İsmayıl Qaspralının, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun məqalələrində alimin türkçülüklə bağlı araşdırmalarının əhəmiyyəti vurğulanırdı.

İsmayıl bəy Qaspralı 1908-ci ildə "Tərcüman" qəzetində təfriqələr halında çap etdirdiyi səfər qeydlərində Vamberinin dilindən eşidilən aşağıdakı sözlərə yer vermişdi: "Həqiqətən də mən Şərqi gəzdim, gördüm. Türkləri, müsəlmanları çox sevirəm. Mən Rəşid Paşa mərhumun çevrəsində dolaşdım. Fuad və Ali paşalarla (hər üçü Osmanlı imperiyasında islahatçı kimi tanınmış, sədrəzəm mövqeyinə yüksəlmişdilər – V.Q.) birlikdə oldum. İstanbulda əldə etdiklərim sonrakı səyahətlərimdə, tədqiqatlarımda işimə çox yaradı. Bu baxımdan türklərə hədsiz minnətdaram. Daim onların xeyirxahı olmağa çalışıram və indiyə qədər müəyyən xidmətlərim də dəyib. Türkləri, islam dünyasını Avropaya, ilk növbədə isə İngiltərəyə tanıtmaq sahəsindəki zəhmətimlə qürur duyuram. Türklərin düşmənləri məni sevməzlər. Zatən heç mən də onları sevmərəm".



Vamberi haqqında indiyə qədər müxtəlif dillərdə onlarla kitab, yüzlərlə məqalə yazılmışdır. Lakin alimin həyat yolu və elmi yaradıcılığına ən yaxşı işıq saçan əsər onun özü tərəfindən qələmə alınmışdır. Bu, 1883-cü ildə çapdan çıxan "Arminius Vamberinin öz təsvirində həyatı və macəraları" avtobioqrafik povestidir. Kitabın böyük oxucu marağı doğurduğunu görən müəllif onu yenidən işləyib təkmilləşdirərək 1904-cü ildə "Mənim həyatım" (orijinalı "The struggle of my life" ) adı altında yenidən çap etdirmişdi.

"Macar alimi" kimi tanınan Armin Vamberi milliyyətcə yəhudi idi. Lev Nippelbaum – Məhəmməd Əsəd bəy – Qurban Səidin qeyri-adi həyatından bəhs edən "Şərqşünas: Qəribə və təhlükəli ömrün sirlərini açmaq cəhdi" kitabının müəllifi Tom Reisin yazdığına görə onun əsl adı və soyadı Herman Vamberger olmuşdu. Vamberi macarların türk kökənli xalq, macar dilinin isə türk mənşəli dil olması ilə bağlı dünya elm tarixində özünə yer alan və bu gün də mübahisə predmeti kimi gündəlikdə qalan hipotezanın müəllifidir.

Şərqşünas həmkarlarının çoxundan fərqli olaraq Vamberi kabinet alimi deyildi. Türk dillərini də sadəcə kitablardan öyrənməmişdi. O, macəralarla dolu ömür yaşamışdı. Osmanlı Türkiyəsinə və həmin dövrdə hələ dünyaya qapalı qalan Orta Asiyanın türk xanlıqlarına səyahətləri, ən başlıcası isə həmin səyahətlərin nəticəsi kimi meydana çıxan kitablar Vamberinin adını Qərbin təkcə elm mərkəzlərində deyil, ictimai-siyasi dairələrində də məşhurlaşdırmışdı. Şərqşünaslıq elminə gətirdiyi yeniliklərə və risk dərəcəsinə görə macar aliminin Orta Asiya səfəri Çin basqısı altındakı Şərqi Türküstanı tacir qiyafəsində gəzib-dolaşan və bu qədim türk yurdunu dünyaya tanıdan qazax maarifçisi Çokan Vəlixanovun (1830-1865) elmi rəşadəti ilə müqayisə oluna bilər.

"O, balaca və topal yəhudi oğlan idi..." – bir vaxtlar "Azərbaycan ədəbiyyatının dostu" kimi tanınan Nikolay Tixonovun 1925-ci ildə Vamberinin qeyri-adi həyatı və Orta Asiya səyahətləri haqqında yazdığı və indi demək olar ki, tamamilə unudulmuş oçerk bu sözlərlə başlanırdı.

Uşaq yaşlarında aldığı zədə nəticəsində ömürlük şikəst qalmasına və sol ayağını çəkməsinə baxmayaraq Vamberi doğulduğu Esterqom (Pressburq) şəhəri yaxınlığındakı kiçik qəsəbədən dünya hüdudlarına çıxmağı bacarmışdı.

Atası dinə son dərəcə bağlı adam olmuşdu. Saatlarla, hətta günlərlə Tora, yaxud Talmud mətnlərindən gözünü çəkmədən mütaliəyə dalmağı sevirdi. Sanki onu dünyada qədim yəhudi müdrikliyindən başqa maraqlandıracaq bir şey yox idi. Dindar, lakin savadsız anası isə praktik ağlı, həyata ayıq münasibəti ilə seçilirdi. Ailənin tək uşağı olan Armin Vamberi şəxsiyyətində atasının tükənməz bilik aclığı və intellekti ilə anasının enerjisini, bacarığını sintez edə bilmişdi.



Atasını erkən yaşında itirməsi, 22 yaşında dul qalan anasının "biznes" layihələrinin biri-birinin ardınca uğursuzluğa düçar olması Vamberini lap kiçik yaşlarından ehtiyacın bütün sifətlərini görməyə məcbur etmişdi. "Çoxlarının işıqlı və qayğısız uşaqlıq günləri dediyi dövr şəxsən mənim üçün iztirab və bitib-tükənmək bilməyən məhrumiyyət günləri idi" – deyə o, sonralar xatırlayırdı.

Lakin heç bir çətinlik onu oxumaq niyyətindən saxlaya bilməmişdi. Yarıac vəziyyətdə yaşayan, cındırından cin ürkən şikəst yəhudi oğlan sonuncu qəpiyini çörəyə, yoxsa kitaba vermək dilemması qarşısında qalsaydı, yəqin ki, ikincini seçərdi. Antisemitizmin geniş yayıldığı XIX əsr Macarıstanında onun nəyin bahasına olursa olsun mükəmməl təhsil almaq və elm öyrənmək ehtirası tez-tez acı istehzalara, tənə və sərzənişlərə yol açırdı. Bəlkə də "Moyşe" – deyə ələ salındığı və qəssablığa getmək məsləhəti verildiyi belə məqamlarda Armin Vamberi kitabdan daha möhkəm yapışır, biliklərə daha əzmlə yiyələnirdi.

Dillərə marağı və dil öyrənmək istedadı isə özünü erkən yaşlarında büruzə vermişdi. On beş yaşında ilk dəfə Vyanaya gedəndə o, artıq ivrit, macar, slovak və alman dillərini mükəmməl bilirdi. Sonralar bunların üzərinə ingilis, fransız, latın, rus, ərəb, fars, türk və s. dillər də gəldi. Bütünlükdə, tədqiqatçıların araşdırmasına görə Vamberi müxtəlif dil ailələrinə mənsub 20-yə qədər dil bilirdi. Dünya klassiklərinin çoxunu onların ana dillərində oxuyurdu. Elmi əsərlərini çətinlik çəkmədən bir neçə dildə yazmağı bacarırdı. Məşhur latın prinsipi – "Docendo discimus" ("Öyrədərkən öyrən") bütün ömrü boyu Vamberinin başlıca şüarı olmuşdu. Həyatının sonuna qədər dəyişməyən başqa bir devizi isə "Hər gün heç olmazsa bir sətir yazmaq" idi. Müasirlərinin xatırladığına görə bu şərtinə əməl etməyəndə özü-özünü cəzalandırırmış...

1848-ci il macar inqilabı, Rusiya və Avstriya imperatorlarının əl-ələ verərək macar xalqının azadlıq mübarizəsini qan gölündə boğmaları gənc Vamberidə güclü vətənpərvərlik hissləri oyatmışdı. Yəhudi olmasına baxmayaraq o, özünü daha çox macarların yanında və mövqeyində hiss edirdi. Məhz bu səbəbdən də o, uzun illər rusofob mövqeyində dayanmışdı və yalnız həyatının son illərində Rusiyaya münasibətini müəyyən qədər dəyişmişdi.

Bir tərəfdən vətənpərvərlərin edamı, o biri tərəfdən isə yəhudi talanları ilə müşaiyət olunan inqilab günlərində Esterqom yaxınlığında sadə bir çobandan eşitdiyi rəvayət Vamberinin bütün sonrakı elmi fəaliyyətinin istiqamətini müəyyən etmişdi. Avstriyalıların təqibindən xilas yolu axtaran əsgərlərə ürək-dirək verən həmin naməlum çoban tarixən macarların ən çətin məqamlarında ata yurddan – Orta Asiyadan gələn soydaşlarının onlara arxa durduqlarını söyləmişdi. "Onlar bu dəfə də bizi tək qoymayacaqlar" – deyə gənc əsgərləri inandırmağa çalışmışdı.

Təsadüfən şahidi olduğu bu söhbət Vamberiyə çox dərin təsir bağışlamışdı. Onda Orta Asiyaya yollanmaq, macarların soy-kökünü həmin torpaqlarda axtarmaq, izlərini üzə çıxarmaq arzusu yaranmışdı. Bu məqsədlə də təkbaşına Osmanlı türkcəsini və ərəb dilini öyrənməyə başlamışdı.

Şərq onu maqnit kimi özünə çəkirdi. 1856-cı ildə 24 yaşlı Armin Vamberi həyatının mühüm qərarını qəbul etdi – İstanbula yola düşdü. Bu səfərə çıxmaq üçün sözün həqiqi mənasında bir neçə il boğazından kəsmiş, güc-bəla ilə 120 florin pul toplaya bilmişdi. Təbii ki, onu İstanbulda heç kim gözləmirdi. Az-çox təminatlı həyatla bağlı hər hansı qarantiyası yox idi. Yəhudi tədqiqatçısı Lazar Medovarın yazdığına görə, Osmanlı paytaxtına gəldiyi ilk gündən "gecə səhərə qədər kitablarla əlləşir, gündüzlər isə şəhəri, onun bazarlarını, qəhvəxanalarını dolaşaraq türk və fars dillərinin incəliklərinə yiyələnir, tələffüz xüsusiyyətlərini öyrənirdi. Həmsöhbətləri onu öz yerliləri kimi qəbul eləyəndə Vamberinin sevincinin hüdudu olmurdu. Türklərin, ərəblərin, yunanların, farsların, Avropa xalqları təmsilçilərinin toplaşdıqları qəhvəxanalarda Vamberi onların hər birinin dilində şeir oxumaqla özünə gündəlik dolanışıq pulu çıxarırdı". Həmin dövrdə o, İstanbulda "Aşıq Qərib" dastanının ən yaxşı ifaçılarından biri kimi tanınmışdı.

Vamberinin Türkiyəyə gəldiyi vaxt Osmanlı tarixi Tənzimat adlı dövrü yaşayırdı. 1839-cu ildə Sultan Əbdül Məcidin imzaladığı Gülxanə xətti-şərifi dörddə bir əsrdən sonra – 1876-cı ildə ilk türk konstitusiyasının qəbulu ilə nəticələnmişdi. Bütün sahələrdə islahatların həyata keçirilməsi, ictimai həyatda, idarəçilikdə, təhsildə Avropa standartlarına uyğunlaşma və bu yolla da ölkəni tənəzzüldən xilas etmə Tənzimatın əsas hədəflərindən idi. Həmin hədəflərə çatmaq isə ilk növbəsində Avropa və Şərq mədəniyyətlərini, dillərini yaxşı bilən yeni düşüncəli insanların qarşısında yaşıl işıq yandırırdı.

Xatirələrində vəlineməti kimi minnətdarlıqla yad etdiyi Hüseyn Paşanın evinə düşməsi (o, paşanın uşaqlarına fransız dili öyrədirdi – V.Q.) Vamberinin türk cəmiyyətinin yuxarı təbəqəsi ilə əlaqələr yaratmasına imkan açdı. O, həm də burada türk-müsəlman məişətinin incəliklərini, davranış qaydalarını, dini və dünyəvi ritualları və s. öyrənirdi. Bir neçə il sonra dərviş libasında Orta Asiyaya səyahətə çıxarkən Osmanlı paytaxtında yiyələndiyi ilk baxışdan xırda və əhəmiyyətsiz görünən bütün bu özünəməxsusluqlar işinə çox yaramışdı.

Qısa müddətdə Vamberi türk dilini incəliklərinə qədər mənimsəmişdi. Dini bilikləri də yetərincə geniş və əhatəli idi. Dini ayinləri, ibadət qaydalarını, hədis və sünnələri hər hansı müsəlman teoloqundan pis bilmirdi. Keçmiş xarici işlər naziri Rifət Paşanın himayədarlığı sayəsində Vamberi hətta Quranı və islam elmlərini öyrədən ali dini mədrəsəyə qəbul edilmişdi. Müsəlmanlığı hətta formal şəkildə də olsa qəbul etməyən şəxsin belə bir mədrəsədə təhsil alması inandırıcı görünmür. Bəzi mənbələrdə macar şərqşünasının İstanbulda yaşadığı dövrdə islamı qəbul etdiyi iddiası irəli sürülür. Lakin dəqiq mənbələr üzə çıxarılmadığından bu məsələ indiyə qədər qeyri-müəyyən qalmaqdadır.

Vamberi isə dinini dəyişməsi ilə bağlı iradları yaxın buraxmamışdı: "Nə mən özüm, nə də alimənsəb hamilərim heç vaxt mənim gerçəkdən islamı qəbul etməyim barəsində düşünmürdük. Mən dinimi dəyişmək fikrindən çox uzaq idim".

Dinini dəyişməsə də Osmanlı dairələrində adını dəyişməli olmuşdu. Sultan Mahmud sarayına yaxın paşalardan biri macar gəncinin ifrat fəallığını, diribaşlığını görüb onu Rəşid əfəndi adlandırmağı təklif etmişdi. Vamberi bu təklifə məmnuniyyətlə razılıq vermişdi. Sonralar Orta Asiya səyahətinə də Hacı Rəşid əfəndi adı altında çıxmışdı. Həyatının sonuna qədər həqiqi adı və soyadı ilə birlikdə şərqli adından da müvazi şəkildə yararlanmışdı.

İstanbula gələndən dörd il sonra Vamberi – Rəşid əfəndi artıq həm maddi vəziyyətini düzəltmiş, həm də yetərincə tanınmışdı. Onun hamiləri və dostları sırasında yuxarıda da qeyd edildiyi kimi, Tənzimatın ideya atası Mustafa Rəşid Paşa (1800-1858), müxtəlif dövrlərdə Osmanlı imperiyasının sədrəzəmləri olmuş Keçəçizadə Mehmet Əmin Fuad Paşa (1814-1869), Mehmet Emin Ali Paşa (1815-1871), ilk türk konstitusiyasının yaradıcısı Əhməd Midhət Paşa (1822-1884) kimi tanınmış şəxsiyyətlər, görkəmli ictimai-siyasi xadimlər vardı.

Maddi sıxıntılardan xilas olması Vamberinin qarşısında elmi fəaliyyətlə daha ardıcıl məşğul olmaq imkanı açmışdı. 1858-ci ildə İstanbulda ilk kitabı – 14 min sözdən ibarət almanca-türkcə lüğət çap olunmuşdu. İki il sonra isə 40 min sözlük cağatay (qədim özbək dili) – alman lüğətini nəşr etdirmişdi. Osmanlı arxivlərində çalışaraq macar tarixinə, macar-türk münasibətlərinə dair araşdırmalar aparmışdı. Həmin araşdırmaların nəticəsi kimi meydana çıxan çoxsaylı məqalələri Budapeştdə, Macarıstan Elmlər Akademiyasının nəşrlərində, habelə bir sıra alman jurnallarında yayımlanmışdı. Geniş mövzu dairəsinə malik olan bu yazılar Armin Vamberiya dilçi, tarixçi, ilahiyyatçı, pedaqoq, tərcüməçi, jurnalist kimi ən müxtəlif ipostaslardan yanaşmağa imkan verir. Macarıstan EA İstanbulda yaşayıb-yaradan həmvətənin fəaliyyətini yüksək qiymətləndirmişdi – 1861-ci ildə 29 yaşlı Vamberi akademiyanın müxbir üzvü seçilmişdi.

Elə həmin il Budapeştə dönən Vamberi EA prezidenti qraf Dessefinin qarşısında "macar dilinin mənşəyinə aydınlıq gətirmək məqsədi ilə Asiyanın dərinliklərinə" səfərinin maliyyələşdirilməsi məsələsini qoymuşdu. Və istəyinə nail olmuşdu. Maliyyə vəsaiti ayrılmış, onun Orta Asiyaya səfərinin təşkili üçün İran və Osmanlı dövlətinə, elmi dairələrə rəsmi müraciət göndərilmişdi. Asiyanın xarakter və özəlliklərinə bələd olmayan akademiklər Vamberinin istehzasını doğuran bir para məsələlər də qaldırmışdılar. Məsələn, onlardan biri macarların kəllə sümüyü ilə müqayisə məqsədi ilə bir neçə tatar kəlləsi gətirməyi təklif etmişdi. Akademiya prezidenti "Gəlin arzu edək ki, əməkdaşımız öz kəlləsini salamat gətirsin. Belədə o, bizim üçün daha faydalı olar" – deyə məsələni yoluna qoymuşdu.

1862-ci ilin mart ayında Türkiyənin Trabzon şəhərinə gələn Armin Vamberi karvan yolu ilə Ərzurum, Təbriz və Qəzvindən keçərək İranın paytaxtı Tehrana yetişmişdi. Həm İran hökuməti, həm də Tehrandakı Osmanlı səfirliyi onun səfər hazırlıqlarına maksimum yardım göstərmişdilər.

Tehranda qaldığı bir ilə yaxın müddət ərzində o, özbək, qazax, türkmən və tatar dillərini mənimsəmişdi. Özünü fiziki cəhətdən çətin səyahətə hazırlamışdı. Bir parça quru çörək və bir bardaq su ilə keçinməyi, quru yerdə yatmağı, at çapmağı, dəvə sürməyi öyrənmişdi. Adamlarla asanlıqla ünsiyyətə girməyi, az bir vaxtda onların inam və etimadını qazanmağı bacarırdı.

O, Orta Asiyaya yalnız Məkkədən geri dönən yerli hacıların karvanında daxil ola bilərdi. Buradakı xanlıqlar avropalıların üzünə bağlı idi. Vamberinin səfərindən bir müddət əvvəl iki ingilis və bir fransız Buxara əmirinin hökmü ilə dəhşətli işgəncələrdən sonra xalqın gözü qarşısında edam edilmişdi. Orta Asiya hökmdarları Hindistan və Əfqanıstandakı ingilis ekspansiyasının vətənlərinə yayılmasının qarşısını bu yolla almaq istəyirdilər.

Tehrandakı Osmanlı səfarətxanası Vamberiyə – Hacı Rəşid əfəndiyə Həcc ziyarətindən dönməsi barəsində sənəd vermişdi. Səfər zamanı bu sənəd dəfələrlə onun işinə yaramışdı. Lakin hər ehtimala qarşı şərqşünas-alim özü ilə tez təsir göstərən zəhər – strixnin həbi də götürmüşdü...

1863-cü il martın 27-də Osmanlı dövlətinin Tehran səfiri Rəşid əfəndinin yola düşməsi ilə əlaqədar iqamətgahında ziyafət təşkil etmişdi. Bütün bunlar bir daha göstərir ki, Babi-Alinin qərarı, siyasi və mənəvi dəstəyi olmadan Vamberi həyatının ən böyük arzusunu gerçəkləşdirə bilməzdi.

Orta Asiyanın dərinliklərinə doğru təxminən bir il çəkən səyahət Tehrandan başlanmışdı. Davranışı, möminliyi ilə ətrafdakılardan fərqlənməyən, sadəcə çox yoxsul olması ilə diqqəti çəkən "dərviş" Vamberi qoşulduğu karvanla birlikdə Mazandarana gəlmişdi. Xəzər dənizinin ətrafına dolanaraq Bəlx körfəzi yaxınlığında indiki Türkmənistan ərazisinə – Qaraqum səhrasına çıxmışdılar. İlin istənilən vaxtı təhlükəli səhranı keçib Xarəzm vadisinə yetişmişdilər. Eyni adlı xanlığın mərkəzi olan Xivədə bir müddət qaldıqdan sonra Vamberi Amu-Dərya çayı ilə Kunrad şəhərinə qədər üzmüş və təkrar Xivəyə qayıtmışdı.

Yayda eyni təhlükələrlə müşayiət olunan səyahət davam etmişdi. Bu dəfə Qızılqum səhrasından keçən səyyah Buxara şəhərinə varid olmuşdu. Geriyə – İrana qayıtmaq üçün indiki Özbəkistan və Əfqanıstan torpaqlarından – Karşı, Ürgənc, Səmərqənd, Andxoy, Meymene və Heratdan keçmişdi. 1863-cü il noyabrın 27-də Məşhəd şəhərinə yetişən Rəşid əfəndi yenidən avropalı Armin Vamberi olmuşdu. Karvandan ayrılan kimi birbaşa Məşhəddəki Britaniya nümayəndəsi polkovnik Dolmajın yanına yollanmışdı. Və həmin vaxtdan etibarən Vamberinin Orta Asiyaya səyahətinin ikili hədəf güddüyü aşkara çıxmışdı. Yəni onun tarixi Türküstan torpaqlarına yalnız macar dilinin mənşəyini və macarların soy kökünü axtarmaq üçün deyil, həm də Britaniya imperiyasının geosiyasi maraqlarını təmin etmək üçün yollandığı bəlli olmuşdu. Əslində səyyah özü də bunu gizlətmirdi.

Vamberi, öz sözləri ilə desək, "Britaniya şiri ilə rus ayısının" Orta Asiya uğrunda mübarizəsində birincinin tərəfində çıxış edirdi. Onun fikrincə, Hindistan və Əfqanıstanda möhkəmlənən Britaniya Orta Asiya üzərində nəzarəti ələ almaq üçün kifayət qədər imkanlara malik idi. Bu mənada onun Xivə, Buxara və Kokand xanlıqlarında topladığı materiallar tarixi-coğrafi səciyyə daşımaqla yanaşı eyni dərəcədə Britaniya Forin ofisinin də işlərinə yarayırdı. Təsadüfi deyil ki, Vamberinin Orta Asiya səyahətini araşdıran müasir özbək alimi Xeyrulla İsmətullayev öz tədqiqat əsərini "Vamberi alimdir, yoxsa casus?" adlandırmışdır.

Üç aya yaxın Tehranda qalan Armin Vamberi burada əsl qəhrəman kimi qarşılanmış, hətta İran hökmdarı Nəsrəddin şah Qacar tərəfindən qəbul edilmişdi. Şah Orta Asiya xanlıqlarının siyasi, iqtisadi vəziyyəti haqqındakı məlumatı böyük maraqla dinləmişdi. Rusiya səfiri çarın adından onu Peterburqa dəvət etmişdi. Vamberi Tehranda hadisələrin isti izi ilə "Orta Asiyaya səyahət" kitabı üzərində işləməyə başlamışdı. Görülənləri qələmə almaq məsələsində həqiqətən də tələsmək zəruri idi. Çünki şübhə doğurmamaq üçün səyahət dövründə o, çox nadir hallarda kağıza və karandaşa əl atırdı. Hər şeyi yalnız yadda saxlamaq lazım gəlirdi. Aradan bir neçə il keçəndən və yollar açılandan sonra səyyah-alimin yaddaşına əsasən verdiyi məlumatların dəqiqliyi heyrət doğurmuşdu.

O, Orta Asiya səyahətinə başladığından düz bir il sonra – 1864-cü ilin mart ayında İstanbula dönmüşdü. Lakin burada çox ləngimədən ilk gəmi ilə Avropaya yollanmışdı. Çünki səyahətinin nəticələri barəsində elmi və siyasi dairələrdə məruzə etməklə bağlı Böyük Britaniya Kral Coğrafiya Cəmiyyətindən dəvəti vardı. Macarıstanda isə əvvəlcə Vamberiyə yetərincə diqqət yetirilməmişdi. Hətta London səfəri üçün akademiyadan yol pulu istəyəndə əlyazmalarını girov qoymağı tələb etmişdilər. "Vətənimin şöhrəti üçün məhrumiyyət və çətinliklərə sinə gərərək çıxdığım səyahətin mükafatı bu oldu." – deyə alim ürək ağrısı ilə yazırdı.

Vamberi Londondan yalnız qalib kimi deyil, həm də zəngin adam kimi dönmüşdü. Məruzəsi böyük uğur qazanmış, kral ailəsinin diqqətini çəkmişdi. Naşirlər səyahətlə bağlı yazacağı kitablar üçün əvvəlcədə böyük avanslar ödəmişdilər. Ona Londonda qalıb yaşamağı təklif etmişdilər. Lakin ingilis yüksək cəmiyyətinin can sıxan ədaları və yorucu etiket qaydaları sadə həyat sürməyə, öz qaydaları ilə yaşamağa öyrənmiş Vamberini tez bezdirmişdi.

Budapeştə qayıtdıqdan sonra o, Peşt Universitetində Şərq dilləri professoru vəzifəsini tutmaq üçün baş vurmuşdu. Professor vəzifəsinə Avstriya-Macarıstan imperatoru Frans İosif təyin edirdi. Vamberinin səyahəti barəsində ətraflı məlumat alan imperator "Siz çox əzab çəkmisiniz və bu adı daşımaq haqqını qazanmısınız" sözləri ilə onun təyinat sənədini imzalamışdı.

Peşt universiteti katolik ali təhsil müəssisəsi idi. Armin Vamberi bu universitetdə professor vəzifəsi tutan ilk yəhudi olmuşdu. Həmin dövrdə Avstriya-Macarıstan imperiyasında antisemitizm əhval-ruhiyyəsi özünü açıq-aşkar büruzə verirdi. Odur ki, universitet müəllimləri arasında da Vamberinin Orta Asiya səyahətinə inanmayan, bütün bunları "yəhudilərə məxsus fırıldaq və uydurma" sayanlar vardı. Hətta qulağı eşidə-eşidə şikəst ayaqla belə çətin səyahətə neçə çıxdığını şübhəsini bildirənlər də tapılırdı. Yeri gəlmişkən, Buxarada olduğu zaman zülmkarlığı ilə ad çıxarmış Nəsrullah xan da "çolaq dərvişin" niyə evində oturmaması, əziyyətli və ağır səfərə çıxması ilə maraqlanmışdı. Vamberi böyük fateh Teymurləngi misal gətirmiş, sonra da xanın şəninə mədhiyyələr söyləməyə başlamışdı. Beləcə, növbəti təhlükəni də sovuşdurmaq mümkün olmuşdu...

1865-ci ildə universitet kafedrası alan Vamberi vəzifəsini əməkliliyə ayrıldığı 1905-ci ilə qədər 40 il fasiləsiz davam etdirmişdi. Bu illər ərzində o, özünə çoxsaylı davamçılar yetişdirmişdi. Osmanlı imperiyasından olan gənc türklərin Budapeştdə təhsil almaları və turançılıq ideyalarına yiyələnmələri işinə öz töhfəsini vermişdi. Və ümumi sayı 20-yə çatan kitablarını yazmışdı.

Bu kitablardan birincisi – "Orta Asiyaya səyahət" ilk dəfə 1864-cü ilə Londonda ingilis dilində nəşr olunmuş və dərhal da bestsellerə çevrilmişdi. Bir il sonra kitabın Peterburq nəşri işıq üzü görmüşdü. Elə həmin ildə də general M.Çernyayev Daşkəndi ələ keçirmiş və Orta Asiyada rus işğalı başlamışdı. Bu hadisə Vamberidə ikili hisslər doğurmuşdu. Həmin dövrdə qələmə aldığı publisist məqalələrin birində hisslərini gizlətməyən alim yazırdı: "Sivilizasiyanın yayılması naminə biz rus silahına tam uğur arzulamalıyıq. Lakin görəsən, Rusiya tezliklə Əfqanıstana və Hindistanın şimalına üz tutmaq fikrinə düşməyəcək ki?"

1867-ci ildə Vamberi Leypsiqdə, alman dilində bu gün də elmi əhəmiyyətini itirməyən "Çağatay dilindən istifadə qaydaları" kitabını nəşr etdirmişdi. Əsər üç hissədən – tarixi oçerk, mətnlər və lüğətdən ibarət idi. Birinci qisimdə çağatay dilinin qrammatik oçerki yer almışdı. Mətnlər hissəsində "Tahir və Zöhrə", "Yusif və Əhməd", "Huriliqa və Həmra" kimi özbək xalq dastanları verilmişdi. Kitabda eyni zamanda 132 özbək xalq nağılının orijinal mətni və alman dilinə tərcüməsi, habelə Nəvai, Nəsimi və Füzuli qəzəllərindən nümunələr toplanmışdı.

"Orta Asiya oçerkləri" kitabı (1868) "Orta Asiyaya səyahət"in davamı kimi düşünülmüşdü. Vamberi bu əsərində tarix, coğrafiya, iqtisadiyyat və siyasətlə bir sırada ədəbiyyat və mədəniyyət məsələlərinə də geniş yer vermişdi. Kitabda Nizami, Nəvai, Füzuli, Məşrəbi kimi Şərq şairlərinin yaradıcılığından geniş söz açmış, onların əsərlərindən ayrı-ayrı nümunələr macar dilində verilmişdi.

"Buxara, yaxud Transaksoniya tarixi" (1873) Vamberi – tarixçinin mühüm əsərlərindən sayılır. Burada müxtəlif əcnəbi dillərdəki məxəz və materiallar, eləcə də avropalılara məlum olmayan əlyazmalar əsasında ən qədim dövrlərdən XIX əsrin ortalarına qədər Buxara tarixi təfərrüatlı şəkildə tədqiq olunmuşdur.

Alimin türkologiya sahəsindəki mühüm xidmətlərindən biri də şair və filosof Yusif Has Hacib Balasaqunlunun (1021-1075) əski türk ədəbiyyatının diqqətəlayiq nümunələrindən sayılan "Kutadqu bilik" kitabını nəşrə hazırlamasıdır.

Vamberi Orta Asiyaya macarların tarixi vətənini tapmaq və macar dilinin mənşəyini müəyyən etmək üçün getmişdi. Sonradan müəyyən siyasi amillərin təsiri altında bu ideya onun elmi yaradıcılığında arxa plana keçsə də, alim öz əsərləri ilə Macarıstanda turançılıq hərəkatının yayılmasına təkan vermişdi. Ən başlıcası isə istiqamət düz seçilmişdi. Günümüzdə müasir Özbəkistan və Qazaxıstanda özlərini əsrlər boyu macar adlandıran etnik toplumun aşkara çıxması Vamberinin həqiqətdən o qədər də uzaq olmadığını göstərməkdədir.

O, Şərqə, türk dünyasına həqiqətən də bağlı idi. Hətta yeganə övladına Rüstəm adı vermişdi. (Rüstəm Vamberi (1873-1947) tanınmış macar hüquqşünası və diplomatı, 1945-1946-cı illərdə Macarıstanın ABŞ-da səfiri olmuşdu). Lakin eyni zamanda tam bir yəhudi idi. XIX əsrin ikinci yarısından genişlənməyə başlayan sionist hərəkatı dəstəkləyir, yəhudi dövlətinin qurulması ideyasına tərəfdar çıxırdı. Nüfuz və əlaqələrindən istifadə edərək hətta bu məqsədlə Sultan II Əbdülhəmidlə sionist hərəkatın lideri Teodor Gertslin görüşünün təşkilinə səy göstərmiş, ancaq uğur qazana bilməmişdi.

Nüfuzlu elm, mədəniyyət, sənət adamları hətta özləri istəməsələr də çox vaxt siyasətdən kənarda qala bilmirlər. Armin Vamberinin nümunəsində də belə olmuşdu. Lakin aradan onilliklər keçdikdən sonra o, tarixdə siyasi simpatiya və antipatiyaları ilə deyil, bəşər sivilizasiyasının qədim mərkəzlərindən biri olan regionun – Orta Asiyanın tarix və mədəniyyətinə həsr olunmuş dəyərli tədqiqat əsərləri, zəngin elmi fikir və ideyaları ilə qalmışdır.

P.S. Macarıstan EA-nın Vamberinin vəfatının 100 illiyi münasibəti ilə təşkil etdiyi elmi konqresdə bu sətirlərin müəllifi də iştirak və çıxış etmişdir.

525.az