Kartof və soğanın qiymətində ciddi artım var

16 Dekabr 2013 18:12 (UTC+04:00)
Aran bölgəsində gündəlik tələbat malı olan kartof və soğanın qiymətində ciddi artım müşahidə olunur.

APA-nın yerli bürosunun məlumatına görə, Ucar mərkəzi rayon bazarında kartof və soğanın qiyməti son 15 gündə iki dəfəyə qədər artıb. Belə ki, noyabr ayının sonlarına kimi kartofun 1 kiloqramı 60- 0 qəpiyə, soğan isə 1 kiloqramı 40-50 qəpiyə satılırdı. Hazırda isə soğan 80-90 qəpiyə, kartof isə 1-1,50 qəpiyə satılır.

Kartof və soğan satışı ilə məşğul olan satıcılar qiymət artımını son günlər topdansatış mərkəzlərində qiymətlərin və yol xərclərinin artması ilə izah edirlər. Belə ki, əvvəllər topdansatış mərkəzlərindən və bölgələrdən satış məqsədilə gətirilən 1 ton məhsula 100 manat xərclənirdisə, hazırda benzinin və dizel yanacağının qiymətinin bahalaşması səbəbindən bu xərc 150 manata kimi artır. Bazarda qiymətlərin sürətlə artması daha çox alıcıları narahat edir. Onlar bu vaxtadək Ucar rayonunda kartofun qiymətinin bu qədər artmasını müşahidə etmədiklərini deyirlər. Satıcıların və alıcıların sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə kartofun qiyməti 3-4 dəfəyədək artıb.

Qeyd edək ki, Zərdab rayonunda soğanın 1 kiloqramı 80-90, kartofun 1 kiloqramı 80 qəpiklə 1 manat arasında, Göyçayda isə soğan 80-90 qəpik, kartof 80 qəpiklə 1 manat 30 qəpik arasında satılır.


AzNews.az