Avropa Komissiyasında görüş keçirilib - FOTO

16 Dekabr 2013 22:00 (UTC+04:00)
Brüsseldə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Avropa Komissiyasının Vətəndaş Cəmiyyəti Bölməsinin rəhbəri Ancelo Baqlio ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı A.Quliyev Şuranın fəaliyyəti haqqında geniş məlumat verərək, qurumun üzvlərindən 8-nin QHT nümayəndəsi, 3-nün isə dövlət başçısı tərəfindən təyin olunduğunu bildirib.
Millət vəkili qeyd edib ki, Şura qərarlarında sərbəstdir və qərarlar balanslı, demokratik yolla qəbul olunur. Deputat bildirib ki, 2007-ci ildən prezidentin qərarı ilə yaradılan Şura təsis edildiyi gündən 2000-dən artıq layihəyə maliyyə yardımı göstərib.
A.Quliyev Avropa Komissiyasının Bölməsini sıx əməkdaşlığa və vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın, insan haqlarının qorunması, eləcə də vətəndaş cəmiyyətinin şəffaflığı naminə birgə layihələrin həyata keçirilməsinə çağırıb. O bu əməkdaşlıqla son nəticədə ortaq məqsədlərə nail olunmasına ümidvar olduğunu bildirib.
A.Baqlio öz növbəsində bildirib ki, vətəndaş cəmiyyətinin Azərbaycanda, eləcə də regionda inkişafı və onun şəffaflığının təmin edilməsi Avropa İttifaqının prioritet istiqamətlərindəndir.
Onun sözlərinə görə, 2012-2013-cü illərdə Avropa İttifaqı, əsasən, insan haqlarının qorunması, demokratiyanın gücləndirilməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinə təxminən 6 milyon avro vəsait xərcləyib.
Sonda görüşdən məmnunluğunu ifadə edən A.Baqlio Azərbaycanla Avropa İttifaqı arasında vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.


AzNews.az