Hərbi hissələrdə xüsusi rejim tətbiq edildi

13 Avqust 2012 10:58 (UTC+04:00)


Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim tətbiq edilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-nın sorğusuna cavabında bildirib ki, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yay fəsli girəndən bununla bağlı müvafiq əmr imzalayıb.Həmin əmrə əsasən, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində və kölgəliklərdə saxlanılır. Məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, xüsusən də günvurmadan qorumaqdır. Eyni zamanda hərbi hissələrdə sərinləşdirici qurğular da tam gücü ilə işləyir və ona görə də temperaturun yuxarı qalxması orduda elə bir problem yaratmır.

Qeyd edək ki, 2012-ci ilin yay mövsümü başlayandan bəri mülki həyatda günvurma faktları olsa da, orduda belə bir hal qeydə alınmayıb. Xatırladaq ki, son günlər Azərbaycan ərazisində havanın hərarəti yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40-42 dərəcə təşkil edir.

AzNews.az