SOS! İstifadə müddəti 2001-ci ildə bitmiş uşaq yeməkləri satışda

13 Avqust 2012 11:05 (UTC+04:00)


Valideynlərin ən böyük arzuları uşaqlarını sağlam böyütmək, onları düzgün qidalandırmaqdır. Əvvəllər uşaqlar yalnız təbii qidalarla qidalandırılırdı. Ancaq bu gün hamıya məlumdur ki, çox ailələrdə uşaqlara hazır süni yeməklər verilir. Bu yeməklərin əksəriyyəti isə xarici şirkətlər tərəfindən istehsal olunur, hansı şəraitdə və hansı tərkibdə hazırlandığı heç kimə bəlli deyil.

Bu şirkətlər uşaq qidalarının satışını Azərbaycan həkimləri ilə bir yerdə aparırlar. Həkimlərin bundan qazanc götürdükləri də heç kimə sirr deyil. Təəssüf ki, "məsləhətçi" həkimlər çox vaxt uşaqların sağlamlığını deyil, öz qazanclarını düşünürlər. Əslində, belə qidalar dünya ölkələri tərəfindən diqqət mərkəzindədir. Onlardan bəzilərinin tərkibi ilə bağlı müxtəlif mənfi fikirlər var. Elə ötən il Böyük Britaniya mütəxəssislərinin araşdırmalarında dünyanın bütün ölkələrində satılan populyar uşaq yeməklərinin tərkibində mərgümüş və digər zəhərli maddələr aşkarlanıb. Həmin qidaları istehsal edən şirkətlər maddələrin insan orqanizmi üçün təhlükəli olmadığını desələr də, ekspertlər bunun tam əksini söyləyir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az saytına deyib ki, süni qidalardan imkan qədər uzaq qalmaq lazımdır: "Ananın hamiləliyi dövründə ona süni qida sözünü belə, eşitdirmək düzgün deyil. Uşaq əsasən ana südü ilə qidalanmalıdır. Müasir anaların süni qidalara əminliyi onun südünün çəkilməsinə səbəb olur. Bu pisxoloji bir durumdur. Təəssüflər olsun ki, həkim pediatrlar hamilə qadınlara bu cür uşaq yeməklərini məsləhət görür, uşaq dünyaya gələn kimi belə qidalardan istifadənin vacibliyini bildirirlər. Təbii ki, bu, həkimin əlavə qazanc yeridir. Xüsusi ilə "Humana" uşaq qidalarının marketinqləri Azərbaycan pediatrları ilə sıx işləyir və məhsullarının satışına nail olurlar.

Qanunlarda isə pediatrların bu məsələyə qarışması qadağan olunur. "Humana" uşaq qidalarının hesabına varlanan həkimlər bu qidaların tərkibindən xəbərsizdilər. Qidaların tərkibini öyrənmək üçün Azərbaycanda müstəqil laboratoriyalar yaradılmalıdır. Qeyri-rəsmi məlumatlarda bildirilir ki, il ərzində Azərbaycanda 2 milyon zəhərlənmə halı baş verir, Səhiyyə Nazirliyinin məlumatında isə bu rəqəm cəmi min nəfər göstərilir. Dünya ölkələrinin siyahısında Azərbaycan artıq azömürlülər siyahısına düşüb. Bu faktın özü də qidalarımızın zay olduğundan xəbər verir. Uşaq qidalarından zəhərlənmə ilə bağlı bizə bir neçə dəfə müraciət olunub.

Keçən ay "Sahha" uşaq qidaları ilə bağlı maraqlı bir fakt əldə etdik: istifadə müddəti 2001-ci ildə bitmiş bu qidalar hal-hazırda bizim marketlərdə satılır və həkim pediatrlar tərəfindən məsləhət görülür". Eyyub Hüseynov onu da qeyd edib ki, keyfiyyətsiz qidaların satılmasında Səhiyyə Nazirliyinin də günahı var: "Keyfiyyətsiz uşaq qidaları ilə bağlı həmin yemək firmalarına müraciət edən kimi tez bizə Səhiyyə Nazirliyinin sertifikatını göstərirlər. Və bununla da məhsulunun kefiyyətli olduğunu nazirliyin təsdiq etdiyini sübut etmək istəyir. Əslində isə müstəqil laboratoriyalar yaradılmalı, bu məhsullar yoxlanılmalı və istifadəsi təhlükəli olan qidalar aşkar edildikdə, bazardan çıxarılmalıdır".

Bahadur Qobustan
AzNews.az