Milli Ordu “Mübariz” snayperi ilə silahlanacaq

17 Dekabr 2013 09:55 (UTC+04:00)
Azərbaycanda istehsal edilən 12,7 mm-lik "Mübariz" snayper tüfəngi üzərində son tamamlama işləri gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazirin sözlərinə görə, bu ilin sonunda tüfəng Silahlı Qüvvələrdə silahlanmaya qəbul olunacaq.

Xatırladaq ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları peşə bayramları münasibəti ilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Dekabrın 17-də MSN-in rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

İlham Əliyev 2009-cu ilin noyabrın 10-da Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

AzNews.az