Anar Məmmədlinin həbsinə deputatdan REAKSİYA

17 Dekabr 2013 11:00 (UTC+04:00)


"Söhbət azacıq müxalif yönümlü şəxslərin hansısa qanunsuz əməlindən gedəndə və bu zaman qanunvericilik tətbiq olunanda, bunun siyasi olduğu haqda açıqlamalar verilir".

Bunu Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə AzNews.az-a Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin həbsinə münasibət bildirərkən deyib. Ç. Qənizadə məsələlərə yanaşmada ikili standartların tətbiq olunmasının tərəfdarı deyil:

"Burada söhbət təkcə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlidən də getmir. Söhbət ondan gedir ki, ölkədə qanun hamı üçün eyni olmalıdır.

Kimliyindən asılı olmayaraq, ölkədə hər kəs fəaliyyətini qanuna uyğun qurmalıdır. Əgər kimsə qanunsuz sahibkarlıqla məşğuldursa, buradan xeyli miqdarda mənfəət əldə edirsə və təbii ki, bu qanun pozuntusudur. Buna da hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atılmalıdır. Bu zaman niyə tərəflərdən birinə olan hüququn tətbiqi siyasiləşir, digərində isə alqışlanır. Mən bu cür yanaşmanı anlaya bilmirəm".

Ç. Qənizadə qeyd edib ki, Anar Məmmədlinin həbsini ötən gün eşidib və belə hesab edib ki, rəsmi qurumlardan da onun fəaliyyətinə və saxlanmasına dair açıqlama olacaq: "Qanunun hamı üçün olduğunu deyirik. Bu gün müxalifət və müxalifətə yaxın media orqanları ayrı-ayrı vəzifəli şəxslərin bəzi hallarda qanunsuz hərəkətindən, gəlir əldə etməyindən yazırlar. Bəzən də tələb edirlər ki, bu xəbər araşdırılsın. Hər şeyin dərhal siyasiləşdirilməsi düzgün deyil".

AzNews.az