AFFA iki futbol klubunu cərimələdi

17 Dekabr 2013 14:46 (UTC+04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


AzNews.az-ın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilmiş oyunlarla bağlı bir sıra qərarlar qəbul edilib.

Premyer Liqasının XVII turunun "Simurq" - AZAL matçının 79-cu dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Bakı" - "Qarabağ" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

"Neftçi" - "Qəbələ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.

Oyunun 3-cü dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün kluba 1000 manat cəza tətbiq edilib.

Matçın 84-cü dəqiqəsində "Qəbələ" klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində "Qəbələ" klubunun məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.

AzNews.az