Prezident Bolqarıstanın baş naziri ilə görüşüb - FOTO

17 Dekabr 2013 19:42 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də Bolqarıstanın baş naziri Plamen Oreşarskini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Bolqarıstan arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Prezident İ. Əliyev ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlət başçısı "Şahdəniz-2" üzrə yekun investisiya qərarının Azərbaycanla Bolqarıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.

Öz növbəsində, P. Oreşarski "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimini tarixi hadisə kimi dəyərləndirib. Layihəni Azərbaycandan Avropaya açılan enerji dəhlizi kimi səciyyələndirən baş nazir bunun qaz təchizatının şaxələndirilməsi baxımından yaxşı fürsət yaratdığını deyib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az