“Azərbaycanda 30 min sənədsiz insan yaşayır” – Miqrant günü

18 Dekabr 2013 13:34 (UTC+04:00)

Dekabrın 18-i Beynəlxalq Miqrasiya günü kimi qeyd olunur. Bu münasibətlə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi ölkəmizdə miqrasiya sahəsindəki hazırkı vəziyyət, mövcud problemlər və onların həlli yollarına həsr olunan dəyirmi masa keçirib.

Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, Diasporla İş üzrə Dövlət Komitəsi, BMT QAK-ın nümayəndələri, KİV təmsilçiləri iştirak edib.

Miqrasiya sahəsində Azərbaycan üçün çətin il AMM-nin rəhbəri Əlövsət Əliyev son zamanlar ölkəmizdə miqrasiya qanunvericiliyinin təkminləşdirlməsi sahəsində görülən işlərə diqqəti çəkərək xüsusliə Miqrasiya Məcəlləsinin qəbulunu uğurlu addım kimi dəyərləndirib.

Bildirib ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda belə bir sənədin qəbulu müsbət hal kimi dəyərləndirlməlidir. Sənədin özünəməxsusluğu həm də onun sırf Azərbaycan təcrübəsi əsasında hazırlanmasıdır. Bununla belə 2013-cü ili miqrasiya sahəsində Azərbaycan üçün çətin il kimi xarakterizə edən Ə.Əliyev miqrasiya siyasətinin sərtləşdirlməsini əmək bazarını əcnəbilərdən qorumağa yönəldiyini qeyd edib.

Ölkədən getmək istəyənlərin sayı artıb


Mərkəz rəhbərinin sözlərinə görə, son zamanlar ölkədən getmək istəyənlərin sayı artır. Bununla bağlı AMM-nə 1870 müraciət daxil olub ki, bunlar da əsasən xarici ölkələrin miqrasiya qanunvericiliyinə dair məlumat almaq xarakteri daşıyır. Bu hal isə 1995-ci ildən bəri ən yüksək rəqəm hesab edilir:

"Təkcə son bir neçə gün ərzində Mərkəzə 15-ə yaxın gənc müraciət edərək ölkəni tərk etmək istədiklərini bildiriblər. Mərkəzə daxil olan 1870 belə müraciətdən 41 faizinin müəllifi Kanada və Amerikaya getmək istəyini bildirib. Bunlar əsasən bir neçə xarici dil bilən, neft və digər sahələrdə işləyən ixtisaslı mütəxəssislərdir. Müraciət edənlərin 31 faizi Şengen vizasının qüvvədə olduğu ölkələrə getmək istəyini bəyan edib".

Qanunsuz miqrantları işlədən tikinti şirkətləri


Ölkədən getmək istəyənlərdən fərqli olaraq Azərbaycana gəlmək istəyənlərdən kütləvi müraciətlər daxil olmayıb. Bununla belə əmək bazarına cəlb etmək adı ilə gətirilib daha sonra qanunsuz miqranta çevrilən Türkiyə, Özbəkistan, Pakistan, Filippin, Çin vətəndaşları olub.

Bu şəxslər əsasən tikinti işlərinə cəlb edilib ki, bu şirkətlərin də arasında Doğa İnşaat, DİA Holdinq, İstanbul çarşı, Yapı İnşaat var.

Qanunsuz miqranta çevrilən bu şəxslər "Karvansaray" ticarət mərkəzi, "Şahdağ" istirahət kompleksi, "Şabran" istirahət mərkəzinin tikintisində işlədilib.

16 qaçqın vətəndaş olmaq yolunda Ə.Əliyev Azərbaycanda qaçqın statusu ilə yaşayan 16 nəfərin vətəndaşlığa qəbulla bağlı sənədlərinin DMX tərəfindən icraata götürülməsini müsbət hal kimi dəyərləndirib.

Bununla yanaşı bildirilib ki, bir çox hallarda qaçqın statusu almaq üçün müraciət edənlərə rədd cavabı verilir və bu zaman cavab əsaslandırılmır. Bu problemlə İran, Əfqanıstan, Pakistandan gələn qaçqınlar üzləşir.

Daha sonra bu şəxslər BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsinə götürülür. Himayə sənədinin müsbət tərəfi bu şəxslərin ölkədən məcburi qaydada çıxarılmasının qarşısını almasıdır.

Tədbirdə son zamanlar Rusiyada baş verən hadisələrə də diqqət çəkilib. Ə.Əliyev bu ölkədəki soydaşlarımıza hüquq yardım məqsdəilə "qaynar xətt" xidmətinin yaradılması təklifi ilə çıxış etdiklərini vurğulayıb. 30 min sənədsiz insan və problemlər...

Ölkəmizdə miqrasiya sahəsində problemlərə toxunan Ə.Əliyev xüsusilə ailə birləşməsi məqsədilə gələnlərə turist vizası verilməsinin əleyhinə olub. Onun sözlərinə görə, belə şəxslər turist vizası ilə gəldikləri ölkədə sonradan qanunsuz miqranta çevrilirlər:

"Ailə müvəqqəti qurulmur. Qanunsuz miqrantları daha sonradan hava limanında saxlayaraq, cəriməni ödəmədən ölkəni tərk etmələrinə icazə verilməməsi də əlavə problemlər yaradır. Çünki onlar tələb edilən cəriməni ödəmək üçün heç bir qanuni fəaliyyətlə məşğul ola bilmirlər. Belə olan halda cəriməni necə ödənilməsi məsələsi gündəmə gəlir.

Şəxsən mənə belə gəlir ki, bu məsələdə Nazirlər Kabinetinin cərimələrin 25 faizinin Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əmək haqqına əlavə olaraq verilməsi barədə qərarı qanunsuz miqrantların sayının artmasına səbəb olur. Bundan başqa Azərbaycanda sənədsizlərin sənədləşdirilməsi qaydası yoxdur. Hazırda Azərbaycanda 30 min sənədsiz insan yaşayır.

Azərbaycanın iqtisadi gücü bu problemin həllini tezləşdirməyə imkan verir. Bu sahədəki növbəti problem əcnəbilərin insan alverini qurbanı kimi tanınmaması, uşaq əməyinin istismarı ilə bağlı halların aşkar edilməməsidir. Orqan transplantasiyası ilə bağlı cinayət işləri var ki, insan alveri kimi qəbul edilmir. Bu da cəzanı yüngülləşdirir".

Tədbirdə o da vurğulanıb ki, il ərzində 1746 əcnəbiyə, 321 nəfər ölkə vətəndaşına mərkəz tərəfindən hüquqi yardım göstərilib. 1,7 milyon manat ödənilməyən əmək haqqının ödənilməsi təmin olunub. 243 sənədsiz şəxs şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Elnarə
AzNews.az