Birinci kanala etiraz məktubları göndəriləcək - BƏYANAT

19 Dekabr 2013 12:25 (UTC+04:00)
Rusiyanın Birinci kanalında məşhur milli rəqs havamız "Uzundərə"nin erməni mədəniyyəti nümunəsi kimi təqdim edilməsi Azərbaycanın cəmiyyətində ciddi narahatlığa səbəb olub.

Bununla bağlı müvafiq qurumlarla yanaşı sadə vətəndaşlar, eləcə də vətəndaş cəmiyyətlərinin nümayəndələri narazılıqlarını bildirirlər.

Yeni yaranmış "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi isə məsələ ilə bağlı hamını birliyə səsləyərək, kanal rəhbərliyinə ümumi müraciətin hazırlanmasına dəvət edir.

AzNews.az-ın məlumatına görə, təşkilatın bununla bağlı yaydığı bəyanatda deyilir:



"Əsrlərlə Azərbaycana qarşı torpaq iddialarından əl çəkməyərək, bu gün 20 faizi torpağımızı işğal altında saxlayan, bununla kifayətlənməyib, milli mədəniyyət abidələrimizi, milli yemək və musiqimizi özününküləşdirən ermənilər bu dəfə də öz çirkin əməllərini nümayiş etdiriblər.

Azərbaycanın milli rəqsi olan "Uzundərə" erməni milli rəqsi kimi Rusiyanın birinci telekanalında nümayiş etdirilib. Beləliklə də "Sarı gəlin" və digər milli musiqilərimizdən sonra "Uzundərə" də Rusiya ekranından çox sayda tamaşaçıya erməni milli rəqsi kimi tanıdılmasına doğru addım atılıb.

Erməni ideoloji siyasətinin tərkib hissəsi olan "özününküləşdirmə" siyasətinin budəfəki nümunəsinin Rusiyanın ORT kanalında təqdim edilməsi xüsusilə narahatlıq doğurur və milli mədəniyyətimizə qarşı yönəlmiş bu təxribatçı addımın qarşısının alınmasını zəruri edir. Bunu nəzərə alaraq "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi bütün qeyri-hökumət təşkilatlarına, mətbuat orqanlarına, fəal gənclərə və ümumiyyətlə, bütün cəmiyyətə müraciət edərək, məsələ ilə bağlı etirazlarını bildirməyə çağırır. Bütün səylərimizi birləşdirərək erməni təxribatının həyata keçməsinə şərait yaradan ORT kanalına bununla bağlı etiraz məktubları ünvanlayaq.

Çünki bu, bir təsadüf ola bilməz. ORT kimi kanalda belə bir "yanlışlığın" arxasında ciddi məqsədlərin, yəni daha bir milli sərvətimizi mənimsəmək hiyləsi dayanır. Fikrimizcə, bu hiylənin baş tutmaması məhz bizim həmrəy şəkildə etiraz etməyimzdən asılıdır. Biz bir yerdə güclü oluruq!"




AzNews.az