“Söz mətbəxi” - Nadir faktlar toplandığı KİTAB

19 Dekabr 2013 16:58 (UTC+04:00)
Bu gün M.F. Axundov adına Mərkəzi Kitabxana "Söz mətbəxi" kitabının təqdimatı keçirilib.

AzNews.az-ın məlumatına görə, Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun müəllifi olduğu nəşrin təqdimat mərasimində bildirilib ki, ilk dəfə toplu halında çap olunan kitab Azərbaycan mətbəxinin özəlliklərini öyrənmək baxımından əhəmiyyətlidir.

Nəşrdə kulinar, yeməklər haqqında dastan ərsəyə gətirib. Müəllif müxtəlif yeməklərin reseptləri ilə yanaşı, xalq deyimləri, atalar sözləri və ibarələrdən geniş istifadə edib.

T. Əmiraslanov isə deyib ki, kitabda yer alan əsərlərin əksəriyyəti ilk dəfədir tədqiqata cəlb edilir. O qeyd edib ki, nəşrdə regional mətbəx sirləri və çay haqqındakı yazılar da ahəng təşkil edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəfael Hüseynov bildirib ki, "Söz mətbəxi" kitabı mədəniyyətimizdə, elmi və estetik düşüncəmizə yenilikdir: "Sözlə mətbəxi birləşdirmək klassik şairlərimizin mövzusu olub. Amma bu məqam Tahir Əmiraslanovun icrasında xüsusi önəm daşıyıb".

O deyib ki, müəllif Azərbaycan mətbəxşünaslığına elm kimi yanaşır: "Tahir Əmiraslanov milli mətbəximizin izlərini Qobustan qayalarında axtarıb, burada rəsmlərin arasında ev heyvanlarının əksini mətbəxşünas qəlbi ilə araşdırıb. Nəticədə kitabında çox maraqlı və inandırıcı fakt və mülahizələr ortaya qoyub".

Mərasimdə həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva, folklorşünas Məhərrəm Qasımlı və digərləri çıxışlarında bildiriblər ki, bu kitabda müəllif zəngin qida tarixini araşdırıb nadir faktlar üzə çıxarıb.

AzNews.az