Universitetin 90 illik yubileyi qeyd olunub

19 Dekabr 2013 19:41 (UTC+04:00)
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, yubiley mərasimində baş nazirinin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Timuçin Əfəndiyev və digər ali məktəb rektorları iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov 90 illik yubiley münasibətilə ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib. Nazir prezidentin müvafiq sərəncamı ilə təltif olunmuş və Təhsil Nazirliyinin Fəxri fərmanına, eləcə də "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüş universitet əməkdaşlarını təbrik edib.

Yubiley münasibətilə təbriklərini çatdıran mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev ADMİU-nun səmərəli fəaliyyəti sayəsində ölkəmizin mədəniyyət müəssisələri üçün ixtisaslı mütəxəssislərin hazırlandığını nəzərə çatdırıb.

Sonra çıxış edən natiqlər ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar. Sonda ADMİU-nun kollektivi adından ölkə prezidenti İlham Əliyevə ünvanlanmış müraciət oxunub.


AzNews.az