Saakaşvili Nizami Gəncəvi Mərkəzinin üzvləri sırasına qoşulub

19 Dekabr 2013 20:40 (UTC+04:00)
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub.

Dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, Estoniyanın sabiq Prezidenti Arnold Rüütel, Latviyanın sabiq Prezidenti Valdis Zatlers üzv olublar.

Hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq dövlət başçısı təmsil olunur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yaradılmışdır. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvinin irsinin dünyada tanınması və təbliği təşkil edir.

Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər UNESCO tərəfindən yüksək qiymətləndirilir.(Azər Tac)