Xalq artistlərinin vəkilləri arasında QALMAQAL

20 Dekabr 2013 09:14 (UTC+04:00)

"Yunis Vəliyev yalan danışır. Barışmaq üçün əsas yoxdur və belə bir addım bizim tərəfimizdən ola bilməz. Çünki bütün proseslərdə qərar qəbul edəcək bir şəxs var - o da İlhamə Quliyevadır".


Bunu AzNews.az-a Nazpəri Dostəliyeva ilə məhkəmə çəkişməsi davam edən Xalq artisti İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov barışıq təklif etmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məhkəmə predmeti olan, ATV kanalının "Ümüd var" verilişində İlhamə Quliyevanın "Yemirəm, yedizdirirəm"deyə işlətdiyi ifadədə şərəf və ləyaqəti aşağılayan heç bir şey yoxdur: "Qarşı tərəfin bircə iddiası var.

ATV kanalında "Ümüd var" verilişində İlhamə xanım Quliyevanın "Mən yemirəm, yedizdirirəm" ifadəsi. İlhamə xanım da bu fikrini belə ifadə edir ki, mən özüm yemirəm, qazandığımı qaçqın və köçkünlərə yedizdirirəm.

Yəni, Azərbaycan leksikonunda "yemirəm, yedizdirirəm" sözünü başqa cür yozmaq olmaz. Belə bir şey yoxdur. Bu bizim tərəfimizdən tam sübuta yetirildi. Hakim isə Nazpəri Dostəliyevanın iddiasının tam əsassız olmasını sübuta yetirmək üçün linqvistik ekspertizaya göndərdi. Yunis Vəliyevin bununla bağlı dediklərində həqiqət yoxdur".

Sənədlərin linqvistik ekspertizaya Nazpəri Dostliyevanın vəkilinin təşəbbüsü ilə göndərilməsi barədə xəbərlərə gəlincə C.Cəfərov "O, heç bir iddia qaldırmayıb. Bu hakimin özü tərəfindən irəli sürülüb. Hakim dedi ki, səhər hansısa bir qərar qəbul edərəm, narahatçılıq yaranar. Qoy ekspertiza olunsun. Bu söhbət ümumi zalda olub" deyə vurğulayıb.

Xatırladaq ki, Nazpəri Dostəliyeva xalq artisti İlhamə Quliyevanın ATV kanalında yayımlanan "Ümid var" verilişində onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlətdiyini iddia edib. Nazpəri Dostəliyeva İlhamə Quliyevadan 200 min manat təzminat tələb edir.

Bahar Rüstəmli
AzNews.az