YAP-çı deputat Zakir Həsənovun islahatlarından danışdı

20 Dekabr 2013 12:46 (UTC+04:00)
"Düşünürəm ki, yeni müdafiə naziri Zakir Həsənovun dövründə də "Orduya ictimai nəzarət qrupu" fəaliyyət göstərəcək".





Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.

O deyib ki, "Orduya ictimai nəzarət qrupu" çox səmərəli fəaliyyət göstərirdi. Sabiq müdafiə naziri Səfər Əbiyevin zamanında vaxtaşırı qrupun üzvləri həm cəbhə xəttinə səfər edərdilər, həm də kənardakı hərbi birləşmələrə gedərək hərbçilərin xidmət şəraiti ilə tanış olub, görüşlər keçirərdilər.

Onun sözlərinə görə, bu format özünü kifayət qədər doğruldub: "Eyni zamanda nəzərə alsaq ki, həmin səfərlər mətbuatın müşayiəti ilə keçirildi. Bu da cəmiyyətdə yaxşı asossiasiya yaradırdı. Bu ilin payızında o xətt üzrə iki səfər də təşkil edildi".

Yeni müdafiə nazirinin fəaliyyətinə fə toxunan A. Mirzəzadə deyib ki, Z. Həsənov müdafiə naziri təyin ediləndən sonra onun gördüyü bir çox işlər var: "Bununla bağlı vaxtaşırı mətbuata məlumat verilir. Əlbəttə onun bu addımları təqdirəlayiqdir.

Görünür, həmin qrupun yaradılması ilə bağlı onun rəyi olacaq. Sizə deyim ki, Zakir Həsənov Daxili Qoşunlarda komandan olanda belə bir ictimai qrup fəaliyyət göstərirdi və bu qoşun növü ilə çox sıx əlaqələr mövcud idi.

Heç şübhəm yoxdur ki, həmin əlaqələr ab-havası, əvvəldən də orduda olan təcrübə daha yeni formada özünü göstərə biləcək. Hər halda bu gün yeni nazirin atdığı addımlar və eyni zamanda "Orduya ictimai nəzarət qrupu"nun fəaliyyəti üst-üstə düşən addımlardır".

Deputat qeyd edib ki, həmin tədbirin adı başqa cür də adlana, formatı ayrı şəkildə də təşkil edilə bilər: "Ancaq ordu ilə cəmiyyətin, qanunverici orqanın, mətbuatın sıx əlaqələri fikrimcə, yeni müdafiə nazirinin dövründə də çox böyük əhəmiyyət kəsb edir".

AzNews.az