Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv oluna bilər

20 Dekabr 2013 14:44 (UTC+04:00)
Azərbaycanda Tibbi-Sosial Ekspertiza Mərkəzi ləğv edilə bilər.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dünya Bankının ekspertlər qrupu ilə görüşündə müzakirə aparılıb. Məlumatı Əmək və Əhalinin Sosial Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, görüşdə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin daha çox formal bir qurum kimi mövcud olduğu nəzərə alınmaqla, bu struktur vahidinin ləğv edilməsi və ilkin əlilliyin təyini zamanı mürəkkəb ekspertiza tələb edən halların araşdırılması üçün Respublika Əlillərin Bərpa Mərkəzi nəzdində müasir avadanlıqlarla təchiz edilmiş aidiyyəti sektorun yaradılması məqsədəuyğun sayılıb.

Eyni zamanda, hazırda respublikada tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə cavab vermədiyini və əlillik təyinatlarının aparılması prosedurunda subyektiv yanaşmalara şərait yaratdığını qeyd edən Səlim Müslümov möhtərəm dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə şəffaf fəaliyyət mexanizminin qurulmasının nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, aparılacaq islahatlar ilk növbədə bu sistemin avtomatlaşdırılmasını, beləliklə, əlilliyin müəyyən olunması prosesində məmur-vətəndaş kontaktının aradan qaldırılmasını, tibbi-sosial ekspertiza xidmətində məqsədyönlü struktur dəyişikliklərini təmin etməlidir.

Görüşdə ayrı-ayrı dünya ölkələrinin uyğun sahədə təcrübələri və onların yerli şəraitdə tətbiqi imkanları nəzərdən keçirilib, səslənən təkliflərlə bağlı müzakirələr aparılıb. Əlillik qrupu almaq üçün əyani müraciət formasının aradan qaldırılması və vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onların xəstəlik tarixçələri barədə müvafiq orqanın elektron informasiya bazasından məlumat əldə olunması təklifi diqqətdə saxlanılıb.

AzNews.az