Afət Telmanqızının gəlinlərinin ölümü ilə bağlı yeni məlumat

20 Dekabr 2013 15:48 (UTC+04:00)
Tanınmış jurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı, Sumqayıtdakı 1 saylı Doğum Evinin həkimlərinın səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən oktyabrın 25-də dünyasını dəyişən 26 yaşlı Pərvinə Hüseynovanın ölüm işi ilə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma başa çatıb.


İş üzrə müstəntiq İsmayıl Abıyevin verdiyi məlumata görə həkimlər, o cümlədən mərhumənin yaxınları dindirilib və iş üzrə Məhkəmə Tibbi Ekspertiza təyin olunub. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 20 gün ərzində ölümün səbəbi ilə bağlı prokurorluğa rəy verəcək.

Hazırda Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında da ana ölümü ilə bağlı araşdırma gedir. Ölüm işi Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi və Baş Prokurorluğun xüsusi nəzarətindədir. Ümid edirik ki, bir körpəni anasız qoyanlar qanun, həm də vicdanları qarşısında cavab verməli olacaqlar.

Xatırladaq ki, Pərvinə Hüseynova qeysəriyyə əməliyyatından sonra qan itirmə və bədənindən çıxarılmayan cift qalıqlarının verdiyi zəhərlənmə nəticəsində dünyasını dəyişib.

AzNews.az