Aydın Mirzəzadə: “Deputatlara bu səlahiyyəti vermək olmaz”

20 Dekabr 2013 16:40 (UTC+04:00)
"Müdafiə Nazirliyinin əvvəlcədən məlumatı olmadan deputatlara hərbi hissələrdə monitorinq aparmaları üçün səlahiyyətin verilməsi yolverilməzdir".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə bildirib ki, hərbi sistemi yaxşı tanıyan bir şəxs kimi bu təşəbbüsün tərəfdarı deyil:

"Ordu spesfik strukturdur və ora daxil olma ancaq hərbi komandanlığın birbaşa razılığı ilə həyata keçirilə bilər. Hərbçilərdən başqa heç bir kəsin hərbi hissələrə birbaşa daxil olmaq hüququnu vermək olmaz. Dünyanın heç bir yerində belə bir praktika yoxdur".

Deputatın sözlərinə görə, bu ilk növbədə ordunun özünəməxsusluğunu, ordu sirrinin qorunması və kənar müdaxilənin qarşısının alınması üçün edilən addımdır:

"Kimlərsə deputatlara belə səlahiyyətin verilməməsindən narazı qalırlarsa, sadəcə onlar ordunun təyinatı məsələsini daha dərindən öyrənməlidirlər. Hərbi hissənin ərazisi və orada saxlanılan texnika məxfi dövlət sirridir. Bunun hərbçilərdən başqa mülki şəxslərin bilməsi yolverilməzdir. Bizlər ordunun özünəməxsusluğunu qəbul etməliyik".

O qeyd edib ki, Milli Məclisin deputatlarının Müdafiə Nazirliyinə hərbi hissələrə səfərlə bağlı heç bir müraciəti cavabsız qalmayıb və icra olunub.

AzNews.az