Leyla Əliyevaya Rusiyada daha bir mükafat - FOTO

21 Dekabr 2013 10:22 (UTC+04:00)
Heydər Əliyev Fondunun nümayəndə heyəti Rusiya Federasiyası Volqoqrad Vilayətində dostluq səfərində olub.


Volqoqrad Vilayət Hökumətinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Prezident Aparatının şöbə müdiri Əli Həsənov və Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun da iştirak etdiyi səfər zamanı Fondun vitse-prezidenti və qurumun Rusiya bölməsinin rəhbəri Leyla Əliyeva Volqoqrad şəhər 3 saylı gimnaziyaya yeni idman zolağı hədiyyə edib.



Bununla bağlı keçirilən mərasimdə Leyla Əliyeva deyib ki, təmsil Fondun fəaliyyət istiqamətlərindən biri də yeni təhsil müəssisələrinin inşası və əsaslı bərpası, uşaq evlərinə yardım layihələrinin və xeyriyyə məqsədli sosial tədbirlərin həyata keçirilməsidir.

Tədbirdə həmçinin, məlumat verilib ki, Fondun Rusiyanın əyalətlərində həyata keçirdiyi bu kimi sosial layihələr iki ölkə arasında dostluq əlaqələrinin mövcudluğundan və getdikcə inkişafından xəbər verir.

Qeyd edilib ki, yeni idman qurğuları gimnaziyanın ərazisində quraşdırılıb. Bundan sonra gimnaziyanın şagirdləri yeni idman meydançasında daha rahat şəkildə basketbol, voleybol və futbol oynaya biləcəklər. Meydançanın döşəməsinin isə isti və soyuğa davamlılığı nəzərə alınıb.

Məlumatda o da qeyd olunub ki, səfər zamanı Leyla Əliyeva vilayət qubernatoru Serqey Bojenovla başqa xoşməramlı layihələrin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparıblar.

Səfər zamanı Fondla vilayət qubernatorluğu arasında Volqoqradla Bakının rayonlarından biri ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsinə dair protokol da imzalanıb. Səfər zamanı Fondun vitse-prezidenti Leyla Əliyeva "Volqaqrad vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə də təltif olunub.

Bununla əlaqədar keçirilən mərasimdə bildirilib ki, medalın Leyla Əliyevaya təqdim olunmasına səbəb, onun bu illər ərzində Volqoqrad vilayətinin sosial-iqtisadi inkişafındakı, mədəni tədbirlərin həyata keçirilməsindəki, ictimai və xeyriyyə layihələrinin icrasındakı təşəbbüsləri ilə bağlıdır.

Qeyd edək ki, buna qədər isə Heydər Əliyev Fondu Volqoqradda Dostluq Parkı inşa etdirib.

AzNews.az