Rza Zərrab ittihamları rədd edib

21 Dekabr 2013 19:35 (UTC+04:00)
Bu gün axşam saatlarında, Türkiyədə rüşvət əməliyyatı zamanı saxlanılan "Halkbank"ın baş direktoru Süleyman Arslanın və iş adamı Rza Zərrabın istintaqa verdiyi ifadələrin bir hissəsi haqqında mediaya informasiya ötürülüb. Türkiyə mediası yazır ki, evindəki ayaqqabı qutularından çıxan 4,5 milyon dollarla bağlı müstəntiqin suallarına cavab verən Süleyman Arslan pulun ianə olduğunu deyib. Onun sözlərinə görə, ianə bir sıra şəxslərdən Makedoniyada Balkan Universiteti və Osmancıkda İmam Hatip Litseyinin tikintisi üçün toplanıb. Arslanın vəkili də bildirib ki, toplanan vəsaitlə bağlı bütün sənədlər istintaqa təqdim edilib.

Rza Zərrab ifadəsində isə hər gün 1 ton qızıl satdığını deyib. O, bildirib ki, bunun üçün dostlarının rəsmilərlə münasibətlərindən istifadə edib. Ancaq Rza Zərrab bu məsələdə hansısa qanunsuz məqamlar olması iddialarını rədd edir. Onun sözlərinə görə, əldə edilən pullar banklar vasitəsilə heç bir qaranlıq əməliyyat olmadan ölkəyə gətirilib və çıxarılıb.

R.Zərrab ifadəsində bir sıra polis rəhbərlərinin və qəzetçilərin ondan rüşvət istədiyini də dilə gətirib. Onun sözlərinə görə, bəzən əməliyyatlar zamanı sənədlər qaydasında olsa da gecikmələr olub. R.Zərrab iddia edib ki, bu zaman polis qəzetçilərə xəbər sızdırır və o saxta dövriyyə ilə məşğul olması xəbərləri ilə təhdid edilirmiş. Zərrab "biz saxtakarlıq etmədik" deyərək ona qarşı yönələn ittihamları rədd edib.(Musavat.com)