İran son bir həftə müddətində

21 Dekabr 2013 22:46 (UTC+04:00)
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı


İranın xarici işlər naziri: İran və Ermənistan arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələr inkişaf etdirilməlidir

İranda səfərdə olan Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən qəbul edilib. Məlumata görə, ikitərəfli əlaqələr, regional və qlobal sahələrdə əməkdaşlıq əsas müzakirə mövzusu olub. M.C.Zərif bildirib ki, İranla Ermənistan arasındakı əlaqələrinə heç bir maneə yoxdur: "İki ölkə arasında ticarət və iqtisadiyyat sahələrində əlaqələr inkişaf etdirilməlidir". İran xarici işlər naziri Ermənistanın beynəlxalq arenadakı konstruktiv mövqeyinə də toxunaraq, iki ölkənin regional və qlobal sahədə məsləhətləşmələr apardıqları və əməkdaşlıq etdiklərini deyib. M.C.Zərif həmçinin İran və Ermənistanın keçmişə söykənən dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: "İran hökuməti qonşularına yönəlik əlaqələrində xüsusi mövqe nümayiş etdirir". Ş.Koçaryan isə öz növbəsində bildirib ki, İranla Ermənistan arasındakı əlaqələr bütün ölçülərdə inkişaf etməlidir. Ermənistan xarici işlər nazirinin müavini həmçinin İranla "altılıq" ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya da toxunaraq, rəsmi İrəvanın bu müsbət müzakirələrə dəstək verdiyini söyləyib.

3 həftə ərzində İranda 66 nəfər edam edilib

İranın Kirman vilayətində bir nəfər edam edilib. Məhbus narkotik maddələrinin alqı-satqısında günahlandırılaraq dara çəkilib. Əslən kürd olan 27 yaşlı məhbus İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərinin Gəngəçin kəndinin sakinidir. Əfşin Dervazi 3 il əvvəl tutulub və edam cəzasına məhkum edilib. Onun ailəsinin edam hökmünün ləğvi üçün əfv xahişi rədd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 12-də səhər saatlarında Bəm şəhərinin həbsxanasında icra edilib. Ancaq bununla bağl xəbər indi yayılıb. Bundan əlavə, dekabrın 10-da İranın Qərbi Azərbaycan vilayətinin Üşnəviyyə şəhərinin sakini olan daha bir kürd Urmiya şəhərinin mərkəzi həbsxanasında edam edilib. Behzad Cəlilinin 24 yaşı olub. Ancaq onun nədə ittiham olunduğu məlum deyil. Qeyd edək ki, son üç həftə ərzində İranda 66 nəfər edam edilib. Onlardan 20 nəfər milliyyətcə kürddür.

İranda Sepah-ın 3 üzvü öldürüldü

Dekabrın 18-i saat 6:30-da İranın Sistan-Bəlucistan əyalətinin Səravan şəhəri yaxınlığında İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") 3 üzvü kənardan idarə olunan bomba partlayışında həlak olub.Sistan-Bəlucistan əyaləti qubernatorunun müavini Rəcəbəli Şeyxzadə jurnalistlərə açıqlamasında deyib ki, "Sepah" üzvlərinin avtomobili yol kənarında partladılıb. İranda sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən "Ceyşül ədl" ("Ədalət ordusu") hadisədən dərhal sonra bəyanat yayaraq partlayışın məsuliyyətini üzərinə götürüb. Bəyanatda bildirilir ki, partlayış İran hökumətinin repressiyalarına və Suriya hökumətinə dəstək verərək bu ölkədə törətdiyi cinayətlərə cavab olaraq törədilib.

Nazir: İran cəmiyyəti əxlaq baxımından süquta uğrayır

İranın irşad və mədəniyyət naziri Əli Cənnəti jurnalistlərə açıqlamasında ölkənin ictimai və mədəni həyatından danışıb.Əli Cənnəti deyib ki, paytaxt Tehranda əhalinin əksəri dövlət telekanallarının dini motivlər əsasında hazırladığı verilişlərə baxmaqdan imtina edir, xarici telekanallara üz tutur: "Bu gün cəmiyyətimizdə geniş vüsət alan yalan danışmağın, riyakarlığın və əmanətə xəyanətin səbəblərini araşdırıb tapmalı, onun yerinə düzgünlük, əhdə sadiq qalmağın hakim olması yollarını axtarıb tapmalıyıq. Təəssüflər olsun ki, bu gün müsəlman İran cəmiyyəti əxlaq baxımından süquta uğrayır. Hazırda Tehran əhalisinin 71 faizi peyk antenalarından istifadə edir. Yaxın gələcəkdə cib telefonları ilə 2 min xarici telekanalı tutub baxmaq da mümkün olacaq. Hesab edirəm ki, bu problemin və xarici telekanalların sonrakı fəsadlarının qarşısının alınması haqda indidən düşünməli, ciddi tədbir görməliyik".
İran parlamentinin Azərbaycanlı millət vəkili İranda büdcə ilə bağlı ayrı-seçkiliyin üstünü açıb
Vərziğanın məclisdəki millət vəkili Allahverdi Dehqani İranda büdcə ilə bağlı ayrı-seçkiliyin üstünü açıb. O bildirib ki, gələn il üçün ən yüksək büdcə İsfahan vilayətinə ayrılıb. O Şərqi Azərbaycan vilayətində bir çox layihələrin yarımçıq qaldığını xatırladaraq bu vilayətə daha az büdcənin ayrıldığına işarə vurub. Millət vəkili Süngün Mis Mədənindən əldə edilən gəlirin az hissəsinin Qaradağ və Şərqi Azərbaycanda yarımçıq qalan layihələrə büdcə ayrılmasını istəyib. Qeyd edək ki, rejim Azərbaycanı talamaqdan əlavə ciddi ayrı-seçkilik edərək, fars vilayətlərinə yüksək büdcə verir, Azərbaycanın isə büdcəsini get-gedə azaldır.

Güney Azərbaycanda 26 Azər münasibətilə türkcə kitablar paylanılıb

Dünya azərbaycanlıları bir neçə gündür Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökumətinin 68-ci ildönümünü (21 azər) qeyd etməkdədirlər. Güney Azərbaycanda "26 Azər" münasibətilə türkcə kitablar paylanılıb. Pəhləvi rejiminin Güney Azərbaycanı işğal etdikdən sonra azər ayının 26-da türkcə kitablara qarşı soyqırım siyasəti aparması illərdir fəallar tərəfindən kitab günü kimi qeyd edilir."Təbriz səsi"in yaydığı məlumata görə, Təbrizdə yenicə nəşr edilərək bu gün münasibəti ilə paylanılan həmin kitabda Səməd Vurğunun Yandırılan kitablar şeiri, Sara Turinin Çinar Ağacı, eləcə də dostlarım hissəsi və s. yerləşdirilib. Kitabda Pəhləvi rejimi tərəfindən həbs edilən fəalların şəkilləri də yerləşdirilib.

Urmiya və Zahidanda 5 nəfər edam edilib

İranın Qərbi Azərbaycan vilayətində 3 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Onların ad və soyadları da açıqlanıb. Bunlar İrəc Nəsiri, Əhməd Şəkuri və Çingiz Salehidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 18-də səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında icra edilib. Bu məhbuslarla birlikdə barələrindəki edam hökmünün icrası üçün təkadamlıq kameralara köçürülmüş iki nəfərin taleyindən isə heç bir xəbər yoxdur. Ötən həftə də Urmiya şəhərinin mərkəzi həbsxanasında 4 məhbus qətl ittihamı ilə dara çəkilib. Ancaq indiyədək onların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Bundan əlavə, İranın Sistan və Bəlucistan vilayətində də 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Belə ki, Nasir Qomşadzehi dekabrın 17-də 4 illik həbs həyatından sonra, Mehdi Cəvanmərd isə dekabrın 18-də Zahidan şəhərinin mərkəzi həbsxanasında asılıblar. Ancaq bu edamlarla bağlı heç bir rəsmi məlumat verilməyib.

Con Makkeyn: İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür

"İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür". "Fars" xəbər agentliyin verdiyi məlumata görə, bunu ABŞ-ın tanınmış senatoru Con Makkeyn bildirib. Onun sözlərinə görə, İranla "altılıq" ölkələri arasında aparılan nüvə müzakirələrində 6 aydan sonra heç bir nəticə əldə edilməsə, onda ABŞ Senatına yeni sanksiya layihəsi təqdim edilə bilər: "Fikrimcə, Cenevrə razılaşması İranın uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır. Eyni zamanda biz bu ölkənin nüvə obyektlərindəki sentrifuqaların fəaliyyət göstərdiyini və Ərak ağır su nüvə reaktorunun tikintisinin davam etdiyini deyə bilərik. Biz sanksiyaları azaldacağıq, ancaq İran nüvə fəaliyyətlərinin çox hissəsini davam etdirəcək".
Amerika qanunvericiləri İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə çalışır
ABŞ-da hər iki aparıcı siyasi partiyaya mənsub qanunvericilər İranın nüvə proqramı ilə əlaqədar müvəqqəti razılığın imzalanması ilə bağlı şübhələrini bildiriblər. Obama administrasiyasının ciddi ölçülərin kövrək diplomatik addımları təhlükə altına ala bilməsilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Konqresin Tehrana qarşı daha ciddi sanksiyalar tətbiq etmək istəyi azalmayıb. Senatın Xarici Əlaqələr komitəsinin sədri, demokrat senator Robert Menendes İranın nüvə ambisiyaları ilə bağlı beynəlxalq qarşıdurmaya müzakirələr yolu ilə son qoyulmasını arzuladığını deyib. "Mən ümid edirəm ki, razılıq uğurlu bir razılıq olacaq. Tamamilə aydındır ki, biz diplomatik həll yolunu görmək istəyirik"-deyə senator Menedes CBS tele-şirkətinə müsahibə zamanı bildirib. Lakin o eyni zamanda, İrana qarşı iqtisadi təzyiqlərin davam etdirilməli və müzakirələrin yekun razılaşmasına gətirib çıxarmadığı halda gücləndirilməli olduğunu qeyd edib. Xarici Əlaqələr komitəsində nüfuzlu respublikaçı senator Bob Korker müvəqqəti razılığı səhv addım kimi qiymətləndirib. Kroker deyib ki, sanksiyaların gücləndirilməsi İranın nüvə proqramı ilə bağlı daha yaxşı nəticənin əldə edilməsini mümkün edə bilər. O, qanun layihəsinin demokratların nəzarətində olan Senatda tez bir zamanda səsə qoyulması ilə bağlı ümidini ifadə edib. Senatda əksəriyyət təşkil edən demokratların lideri senator Herri Rid məsələ ilə bağlı belə bir səsvermənin keçirilməsini nə rədd, nə də təsdiq edib. O, qərar qəbul etməzdən əvvəl əlavə sanksiyaların araşdırılması üçün vaxt lazım olduğunu deyib.

İranın xarici işlər nazirliyi: Nüvə anlaşması pozula bilər

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın"Time" jurnalına verdiyi müsahibədə deyib ki, ABŞ Konqresi yeni sanksiya tətbiq etsə, nüvə anlaşması darmadağın olacaq. O, konqresmenlərdən bəzilərinin yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlərinə işarə edərək, deyib ki, bu baş verərsə nüvə razılaşması pozulacaq. "Biz təzyiq altında müzakirə etməyi xoşlamırıq. Əgər Konqres yeni sanksiyaları tətbiq etsə bu onların ciddi olmadığını göstərir. ABŞ daxilində ixtilaflar barədə xəbərdaram. Amma bu onlara bəraət qazandırmır. Mənim arxamda da parlament var. Əgər danışıqlar və razılaşmaya əməl edilməsə mənim parlamentim də yeni qərarlar qəbul edəcək. Biz də öz parlamentimizdən xahiş etmişik ki, əl saxlasınlar. Biz ciddiyik"- İran xarici işlər nazirliyinin rəhbəri deyib.

BMT İran əleyhinə qətnamə qəbul edib

Sənəd dekabrın 18-də 86 ölkə lehinə, 36 ölkə əleyhinə olmaqla təsdiqlənib. Qətnamədə İranda insan haqlarının ciddi şəkildə pozulmasından dərin narahatlıq ifadə edilir. Ancaq bununla yanaşı, İran prezidenti Həsən Ruhaninin bəzi sahələrdə insan hüquqlarının yaxşılaşdırılması isə bağlı verdiyi vədlər, xüsusilə qadınlara və dini azlıqlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ifadə və etiqad azadlığı ilə əlaqədar diqqət və səyləri təqdir olunur. Sənəddə həmçinin H.Ruhaninin mülki hüquqlarla bağlı təşəbbüsü alqışlanaraq, İrandan üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün konkret addımlar atması istənilir. Qeyd edək ki, bu qətnamə ötən ay BMT Baş Assambleyasının üçüncü komitəsində 83 lehinə, 36 əleyhinə və 62 ölkə bitərəf qalmaqla qəbul edilmiş sənəd əsasında təsdiqlənib. Bu qətnamənin heç bir hüquqi nəticəsi olmasa da, İrana qarşı bir qədər beynəlxalq təzyiqləri artıracaq və onu dünyadan təcrid etmiş olacaq. Qətnamə qəbul edilməmişdən əvvəl İranın BMT Baş Assambleyasındakı nümayəndəsi onu qəbuledilməz adlandırıb və ölkəsindəki reallıqları əks etdirmədiyini bildirib. Əlavə edək ki, Həsən Ruhani prezident postunu tutduqdan sonra Güney Azərbaycanda nəin ki insan haqları məsləsində irəlləyiş olmayıb, əksinə olaraq milli-mədəni fəallara qarşı təzyiqlər xüsusi vüsət alıb və edamların sayı dəfələrlə artıb. Bunu insan haqları müdafiəçiləri də dəfələrlə dilə gətiriblər.

İran jurnalistlər üçün ən böyük 5 zindandan biridir

"Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı İranda jurnalistlərin fəaliyyəti və durumu ilə bağlı illik hesabat yayıb. Hesabatda qeyd olunur ki, İran prezidenti Həsən Ruhaninin ölkədə siyasi azadlıqların təmin ediləcəyi ilə bağlı vədlərinə baxmayaraq hələ də onlarla jurnalist və bloqçu həbsdə saxlanır: "İran dünyada jurnalistlər üçün ən böyük 5 zindandan biridir. İran jurnalistlərə qarşı həmin siyasətinə görə Çin, Eritreya, Türkiyə və Suriya ilə eyni cərgədə dayanır. 2013-cü ildə İranda 76 jurnalist tutulub. 42 nəfər Həsən Ruhaninin prezident seçilməsindən sonra həbsə salınıb. Həmin müddətdə 12 media orqanının fəaliyyəti təzyiqlər altında dayandırılıb və ya lisenziyası ləğv edilib, 17 jurnalist və media əməkdaşına isə 1 ildən 9 ilə qədər həbs cəzası kəsilib".

İranda uşaqlara ad verilməsində ayrıseckilik edilir…

İran rejimi azərbaycanlılara öz övladlarına türkcə ad qoymağı yasaqladığı halda kürdcə ad qoymağı təşviq edir. Rejim tərəfindən Kürdüstan vilayətinin qeydiyyat idarəsinə təyin edilən baş müdir Əbdullah Xosrəvi əhalini övladlarına kürdcə ad qoymağa təşviq edir. O bildirib ki, Mmusta, Jar və s. Kürdüstan mədəniyyətində olan əsil kürd adlarını əhalinin övladlarına qoymasında heç bir maneə yoxdur. Hətta belə halları təşviq də edirik. Xatırlattmalıyıq ki, Güney Azərbaycanda türk adları rejim tərəfindən yasaqlanıb və əhaliyə öz övladlarına türkcə ad qoymaq qadağan edilib.

Abbas Lisani məhkəməni tərk etdi!

Tanınmış azərbaycanlı fəal Abbas Lisani, hakim təyin edilmiş vaxtda hazır olmadığı üçün məhkəməni tərk edib. Dünən yerli vaxtla saat 8:00-da hakim Əsədpurun çağırışına əsasən Ərdəbilli milli-mədəni fəal Abbas Lisani inqilab məhkəməsində hazır olub. O çağırılan kabinetə müraciət edib, lakin ona deyilib ki, hakim Ərdəbilin prokuroru ilə görüşdədir və bir neçə dəqiqə gözləməlisiniz. 20 dəqiqə gözlədikdən sonra hakim Əsədpurdan bir xəbər çıxmayıb və bundan sonra cənab Lisani onun kabinetinin məsuluna bildirib ki, lütfən cənab Əsədpura deyin, əgər saat 8-ə görüş qoyubsa, 8-də də məhkəmədə olsun, nəinki cənab prokurorun yanında! Və əlavə edib ki, bundan sonra artıq qeyri-rəsmi görüşlərə də yazılı çağırış olmadan müraciət etməyəcək. Bu sözdən sonra məhkəmə məmurunun israrına baxmayaraq, o məhkəməni tərk edib. Qeyd edək ki, bir neçə gün öncə tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbilin İnqilab məhkəməsinə çağırılmışdır. Telefon vasitəsi ilə məhkəməyə çağırılan fəal dekabrın 16-da İnqilab Məhkəməsində olmalı idi. Abbas Lisani telefon bağlantısında bildirmişdir ki, İnqilab Məhkəməsi tərəfindən yazılı çağırış olmadığı təqdirdə məhkəməyə müraciət etməyib və etməyəcək. Qarşı tərəf isə bildirmişdir ki, bu görüş rəsmi deyil, və İnqilab Məhkəməsinin yeni təyin edilmiş sədri cənab Əsədpur sadəcə dosyeni araşdırmadan öncə sizinlə söhbət etmək istəyir. Bu söhbətdən sonra azərbaycanlı fəal məhkəməyə müraciət etmişdir.

Xatırladaq ki, adini çəkdiyimiz milli-mədəni fəal Azərbaycan Milli Hərəkatının ən tanınmış simalarından və uzun illər məhbus həyatı yaşamış fəallardan biridir.

Ramin Rzayi, Yədullah Dəşti və Əli Hidayəti barəsində çıxarılan həbs qərarı təsdiqləndi
Azərbaycanlı milli-mədəni fəallar Ramin Rzayi, Yədullah Dəşti və Əli Hidayəti barəsində çıxarılan həbs qərarı təsdiqlənib. Bundan öncə Ramin Rzayi 91 gün, Yədullah Dəşti 6 ay və Əli Hidayəti 5 ay həbs cəzasına məhkum edilmişdir. Onlar artıq dekabrın 19-da zindana intiqal ediləcəklər. Azərbaycanlı fəallar yayda Mahabadın (Soyuqbulaq) inqilab məhkəməsində mühakimə olunub və Yədullah Dəşdi sistemin əleyhinə təbliğ etmək, ölkə təhlükəsizliyini pozmağa çalışan qruplarda üzv olmaq, Əli Hidayəti və Ramin Rzayi isə sistemin əleyhinə təbliğ etməkdə ittiham ediliblər. Hakim Cavadikianın çıxardığı hökm onların təbiricə pantürkizm və bölücü Azərbaycan Milli Hərəkat qrupunun xeyirinə təbliğ etmək, İran Kəşfiyyat Nazirliyi raportuna görə nasionalizmə aid SMS içəriyi və ETTELAAT-da mövcud olan sənədlərə əsaslanır.

Hüseyn Əliməhəmmədi və Taha Kermani Təbrizin mərkəzi zindanına köçürülüblər

Azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Taha Kermani İran Kəşfiyyat Nazirliyi İdarəsinin təcridxanasından Təbrizin mərkəzi zindanına köçürülüblər. Fəallar ETTELAAT İdarəsində 40 gün təzyiqlər altında saxlanıldıqdan sonra zindana intiqal edilib. "Təbriz səsi"in yaydığı məlumata görə, fəalların ailəsi onların tutulması ilə bağlı məhkəməyə müraciət etdikdə, onları təhqir edib və həbs etməklə hədələyiblər. Fəalları isə heç bir sənəd olmadan İran bayrağını yandırmaqda ittiham ediblər. Tutulan həmin fəallardan Hüseyn Əliməhəmmədi bu il yayda da "Traxtur" takımının yarışında rejimin məmurları tərəfindən döyülərək tutulmuşdu.

Güney Azərbaycanlı fəalın məhkəməsi keçirilib

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Əli Sirnakın Təbrizdə məhkəməsi keçirilib. Əli Sirnak İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandırılır. Vəkilsiz və qapalı şəkildə keçirilən məhkəmədə təbrizli fəala hər hansı hökm çıxarılıb-çıxarılmadığı barədə məlumat yayılmayıb. Əli Sirnak milli zəmində dinc fəaliyyətinə görə indiyədək bir neçə dəfə tutulub fiziki və psixi təzyiqlərə məruz qalıb. O, 2013-cü ilin martında Təbrizin "Tiraxur" futbol komandasının oyunu ərəfəsində 45 nəfər azərbaycanlı fəalla birlikdə tutulmuş, iki gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Tehranda 21 Azər-in anım mərasimi keçirilib

İran paytaxtı Tehranda 21 Azər-Azərbaycan Milli Hökumətinin 68-ci ildönümü münasibəti ilə möhtəşəm anım mərasimi keçirilib. İki gün öncə keçirilən mərasim 19:30-da başlayıb. Mərasim Milli Marşın (Azərbaycan sənsən mənim...) oxunması ilə başlayıb və sonra tədbir aparıcısı Azərbaycan Demokrat Firqəsi , Milli Hökumətin yaranması, Rzaxanın diktatorluğu və ona bağlı olan ruhanilər və s. kimi mövzulara toxunub. O, 12 şəhrivər bəyanatına işarə edərək Milli Hökumətin birinci fəaliyyətlərindən söz açıb və bu tədbirin "21 Azər"in növbəti ildönümünə həsr olduğunu vurğulayıb. Tədbirdə bir neçə fikir adamı, universitet ustadı, şair, öyrənci və fəallar çıxış ediblər. Çıxış zamanı yenicə dünyasını dəyişmiş dünya şöhrətli Nelson Mandelladan dəfələrlə söz açılması və Səttarxan, Xiyabani, Pişəvəri, Səfərxan Qəhrəmanian və Azərbaycan Milli Hərəkatının öncül fədailərinin də bir Mandella olmasının vurğulanması xüsusi diqəət çəkib. Çixişçilar "21 Azər"in acı taleyi, azərbaycanlıların qətliamı və bunun Pəhləvi hakimiyyəti tərəfindən sistemli bir şəkildə həyatı keçirdiyini şərh edib və pisləyiblər. Mərasimdə çoxlu şeirlər oxunub. Ayrılıq mahnısının ifası isə məclisə xüsusi ab-hava verib. Mərasim üçün möhtəşəm tort (keyk) da hazırlanıb. Tortun üzərində "21 Azər qutlu olsun" sözü yazılıb və tort 68 ədəd şamla əhatə olunub. Tədbir aparıcısı 26 Azərə işarə edərək türk dilində yazılmış kitabların yandırılmasını böyük mədəniyyətsizlik və Azərbaycan türk millətinə qarşı zülmkarlıq kimi qiymətləndirib. Mərasim aşıq musiqisinin ifası ilə saat 21:45-də sona çatıb.

21 Azər mərasimində tutulan fəallardan 5 nəfərinə vəsiqə təyin edilib

"21 Azər" mərasimində Qoşaçayda tutulan fəallardan 5 nəfərinə vəsiqə təyin edilib. Fəallara Qoşaçayda hakim Əşraqi tərfindən ittiham irəli sürülüb və müvəqqəti sərbəst buraxılmaları üçün 10 milyon tümənlik vəsiqə qərarı çıxarılıb. Həmin fəallar Daryuş Əndəlibian, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusif Muxtari və Muxtaar İbrahimidir. Onlar "21 Azər" münasibətilə Qoşaçay şəhərinin Qıcılı kəndində "21 Azər" Hərəkatının şəhidlərindən biri olan Xanəli Motiinin məzarı başında anma mərasimi keçirərkən İran Kəşfiyyat Nazirliyi məmurları tərəfindən vəhşicəsinə hücuma məruz qalıblar. Məmurlar bibər qazı ilə fəallara hücum edib, onları döyərək yaxalayıblar.(Qafqazinfo)