Türkiyədə vətəndaşlarla polis arasında toqquşma - AKSİYA

22 Dekabr 2013 21:27 (UTC+04:00)


Rusiya və qərb mətbuatı Türkiyədə etiraz aksiyalarının başlanması xəbərlərini yayıb.

AzNews.az-ın məlumatına görə, "Reuters" agentliyi dekabrın 22-də İstanbulda hökumət əleyhinə protest aksiyası keçirilməsi xəbərini yayıb. Xəbərə görə aksiyaçılar 17 dekabrda keçirilən "Böyük rüşvət" əməliyyatında adları hallanan nazirlərin və hökumətin istefasını tələb ediblər. Dinc aksiya sonda polislə qarşıdurma ilə nəticələnib. Məlumatda qeyd edilir ki, qarşıdurmaya səbəb bir neçə aksiyaçının gözlənilmədən asayişi qoruyan qüvvələrə daş yağdırmağı olub. Cavab tədbiri kimi polislər su şırnağından, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.
Xatırladaq ki, 17 dekabrda "Böyük rüşvət" adı altında İstanbulda və Ankarada əməliyyatlar keçirilib və bir qrup vəzifəli şəxs iri həcmli dələduzluqda - çirkli pulların yuyulması, korrupsiya və qızıl qaçaqmalçılığında təqsirli bilinərək tutulublar.
Hazırda 24 nəfər həbs edilib, o cümlədən Daxili İşlər və İqtisadiyyat nazirlərinin oğlanları da onların arasındadır.


Əli
AzNews.az